Bakı. TurkicWorld:
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.
TurkicWorld-un məlumatına görə sərbəst güləşdə Azərbaycan idmançısı Səbuhi Yunusov (57 kq) Monqolustan təmsilçisi olan rəqibi Sarantuya Jiquurya 6:2 hesabı ilə qalib gəlib və ikidəbir finala keçib.
Sabir Cəfərov (70 kq) rəqibi monqol Shinebayar Deleq üzərində 10:0 hesabı ilə qələbə qazanaraq dörddəbir finalda iştirak etmək hüququ qazanıb.
61 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Ceyhun Allahverdiyev İran İslam Respublikasını təmsil edən idmançı Veisi Mahti ilə gərgin mübarizə nəticəsində 4:2 hesabı ilə üstünlük qazanıb. Bununla da o, dörddəbir finala keçib.
Təsnifat mərhələsində Fərid Cabbarov (86 kq) belarus Kuxarçuk Aleksey üzərində 8:3, Ramiz Həsənov (74 kq) Qazaxıstan təmsilçisi Takirov Alinur ilə qarşılaşmada 6:0, Aydın Əhmədov (125 kq) Rusiya idmançısı Tailun Oiun ilə döyüşdə 4-0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın, olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.