Azərbaycana gətirilən ukraynalı uşaqlar İçərişəhərə səfər ediblər

Azərbaycana gətirilən ukraynalı uşaqlar İçərişəhərə səfər ediblər

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, bu gün Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 ukraynalı uşaq Azərbaycana gətirilib.

TurkicWorld-un məlumatına görə, səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunub.

Ukraynalı uşaq və yeniyetmələr reabilitasiya üçün Azərbaycandadırlar. Yaxın iki həftə ərzində onları Bakıda əyləncəli və zəngin mədəni proqram, həmçinin, Qəbələ, Şəki və Şamaxı kimi rayonlara ekskursiya turları gözləyir.

Ukraynalı uşaqlardan ibarət yeni qrup Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq. Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.

Müharibədən əziyyət çəkmiş 11-17 yaş arası 30 ukraynalı uşaq və yeniyetmə pedaqoqların müşayiəti ilə Azərbaycana gətirilib. Proqram çərçivəsində ukraynalı məktəblilər üçün Bakı şəhərinin qədim hissəsi olan İçərişəhərə ekskursiya təşkil olunub.

Ekskursiyada uşaqlara "Bakının ürəyi" adlandırılan İçərişəhər barədə məlumat verilib. Onlar Qız Qalası, Şirvanşahlar Sarayı kimi görməli yerlərlə tanış olublar. Bakının qədim hissəsinin tarixi-memarlıq abidələri gənc qonaqların böyük marağına səbəb olub. Onlar görməli yerləri maraqla izləyib, ekskursiya rəhbərinə suallar verib və xatirə fotoları çəkdiriblər.