Son dəqiqə

Azərbaycan Türkiyə Aydın Mirzəzadə

Dünyaya güclü, nüfuzlu, demokratik Türkiyə həmişə lazımdır - Aydın Mirzəzadə (ÖZƏL)

Bakı. TurkicWorld:

Dünyaya güclü, nüfuzlu, demokratik, özünün siyasətilə dünya ab-havasını daha da yaxşılaşdıran Türkiyə həmişə lazımdır.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Türkiyədə keçirilən istənilən seçkilər dünyanın diqqətində olur. Türkiyə sıradan bir ölkə deyil, onun minilliklərdən gələn kəsilməz dövlətçiliyi var. Türkiyə özünün siyasi-iqtisadi, hərbi potensialına görə dünyada böyük çəkisi olan ölkələrdən biridir. Onun apardığı siyasət nəinki regionda, dünyada da həmişə öz təsirini göstərir. Bu səbəbdən də Türkiyədə 14 may tarixində keçiriləcək seçkilərin nəticəsi dünya tərəfindən maraqla gözlənilir", - deyə deputat bildirib.

Aydın Mirzəzadə qeyd edib ki, əsas diqqət indiki dövlət başçısı, Prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğandadır. Türkiyənin bugünki cümhurbaşkanı hakimiyyətdə olduğu dövrdə Türkiyənin güclənməsi üçün çox böyük işlər görüb. Ölkənin iqtisadiyyatı daha da güclənərək, çoxprofilli olub. Türkiyənin hərbi qüdrəti nəzərəçarpacaq dərəcədə artıb. Terrorçulara qarşı mübarizə ölkə daxilində öz müsbət nəticələrini göstərir. Türkiyədə əhalinin sosial vəziyyəti yüksəlib, demokratiya dərinləşib. Türkiyə həm qonşu ölkələrlə, həm də dünyanın başqa ölkələri ilə mehriban qonşuluq siyasəti yeridir.

"Qardaş ölkənin Azərbaycanla apardığı siyasət xüsusi diqqətəlayiqdir. Bir millət, iki dövlət prinsipinə əsaslanan bu dostluq dünya üçün nümunədir. Türkiyənin, Azərbaycanın haqq savaşını dünyada müdafiə etməsi, qələbəmizə siyasi dəstək verməsi diqqətdə olan məsələlərdir. İnanırıq ki, yenidən Rəcəb Tayyib Ərdoğan Türkiyə seçicisinin etimadını qazanacaqdır, bunu keçirilən rəy sorğuları da göstərir. Parlamentdə də yenidən müxtəlif partiyaların təmsil olunduğu Türk demokratiyasının bariz mənzəsini göstərən bir hal olacaq. Ümumilikdə isə heç şübhəsiz ki, Türkiyə seçisi özünün düzgün seçimini edəcək", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Mövzuya görə xəbərlər