Son dəqiqə

Azərbaycan Ermənistan Aydın Mirzəzadə

Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur - Aydın Mirzəzadə (ÖZƏL)

Bakı. TurkicWorld:

Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması gec-tez olacaqdı. Ancaq Ermənistanın 10 noyabr, 2020-ci il üçtərəfli bəyannaməsindən sui-istifadə etməsi, Azərbaycana qarşı bütün sahələrdə təxribatı genişləndirməsi, Azərbaycan ərazisindən hərbi kontingentini çıxartmaqdan imtina etməsi, Azərbaycanı 23 aprel 2023-cü il tarixində həmin məntəqəni qurmağa məcbur etdi. Bu bizim suveren hüququmuzdur. Bu ərazimizin qorunmasıdır. Bu Azərbaycana daxil olan hər bir kəsin Azərbaycan qanunlarına riayət etməsinin vacibliyi məsələsidir. Məntəqənin qurulması bir daha Azərbaycanın öz ərazisində suveren hüquqlarının üstünlüyünü bütün dünyaya göstərdi",- deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistanla münasibətlərimiz Azərbaycanın əvvəldən də elan etdiyi, beynəlxalq hüququn prinsiplərinə uyğun davam edəcək.

"Azərbaycan qonşu ölkəyə sülh müqaviləsi bağlamağı, ərazi bütövlüyünü tanımağı, bir-birinin daxili işlərinə qarışmamağı təklif edir. Bu istiqamətdə danışıqların konstruktivliyinin hazır olduğunu bəyan edir. Ermənistan qoşunları Azərbaycanın ərazisindən təcili çıxarılmalıdır. Laçında sərhəd-keçid məntəqəsi qurulduqdan sonra bu məsələ daha da aktuallaşıb və Ermənistan artıq vaxt təyin edərək qoşunlarını çıxartmalıdır. Azərbaycana daxil olan hər şey ölkəmizin nəzarəti altında olmalıdır. Azərbaycanın digər qonşu ölkələrlə beynəlxalq hüquq çərçivəsində qurduğu münasibəti, Ermənistanla da qurmaq istəyi bu gün də gündəmdədir",- deyə Milli Məclisin deputatı əlavə edib.

Aydın Mirzəzadə son olaraq qeyd edib ki, Ermənistan Azərbaycanın bu mövqeyi ilə razılaşmalıdır. Azərbaycanın sivil hüquqlara əsaslanan təkliflərini qəbul etmək, ilk növbədə, Ermənistanın özünə lazımdır: bir dövlət kimi yaşamasının, öz daxili problemlərini həll etməsinin, Azərbaycanın logistik imkanlarından yararlana bilməsi üçün lazımdır. Ermənistan bilməlidir ki, Azərbaycanın qonşuluq münasibətlərini yaxşılaşdırmaq təklifini qəbul etməsə belə, Azərbaycan yenə də regionda söz sahibidir və hüquqlarını həmişə qoruyacaq.

Mövzuya görə xəbərlər