Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir - Ceyhun Məmmədov

Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir - Ceyhun Məmmədov

Bakı,TurkicWorld:

Azərbaycan Qoşulma Hərəkatı çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir.

TurkicWorld-un məlumatına görə, bunu AzerPress-ə özəl açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

“Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulub və həmin tarixdən təşkilatın inkişaf və güclənməsinə öz töhfəsini verir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə dünyada Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı sədrliyinə başladı. Təşkilatın sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir”, - deyə o qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycanın sədrliyi dövründə təşkilat fəaliyyətini uğurla davam etdirib. BMT çərçivəsində vaksinlərin ədalətsiz bölgüsünə etiraz mahiyyəti daşıyan qətnamə qəbul edilib. Bunun nəticəsidir ki, keçən il Azərbaycanın təşkilata sədrliyi daha bir il də uzadılıb. Bu müddətdə Azərbaycan öz fəaliyyətini qoruyaraq Qoşulmama Hərəkatının Parlament və Gənclər şəbəkəsinin yaradılmasına nail olub.

“Ölkəmizdə Covid-19 pandemiyasına qarşı təmas qrupunun sammiti xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycana göstərilən etimadın növbəti təzahürü və göstəricisidir. Ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göndərib”, - deyə millət vəkili vurğulayıb.

Millət vəkili onu da bildirib ki, hərəkat üzvləri Qarabağ və digər məsələlərlə bağlı ölkəmizin mövqeyini dəstəkləyərək onun yanında olublar.

“Haqq işimizi BMT və onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdlər edilsə də, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycana qarşı yönəlmiş əməllərin qarşısını aldılar. Bununla da ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumu fiaskoya uğradı”, - deyə o əlavə edib.

O bildirib ki, 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, Qeyri Hökumət Təşkilatı üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olub.