Son dəqiqə

Brüssel Bakının qapısını döyür - Azərbaycan amili ön plana çıxır

Bakı,TurkicWorld

Son günlər Bakıda müşahidə olunan diplomatik fəallıq adi səfərlər təqvimindən daha böyük mənzərə yaradır. Noyabrın ikinci yarısında Avropanın müxtəlif ölkələrindən yüksəkvəzifəli nümayəndələrin Azərbaycana ard-arda səfər etməsi, Estoniyanın Bakıda səfirliyinin açılması, ölkəmizin ATƏT-ə sədrliyə namizəd irəli sürülməsi və Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi məsələsinin yenidən gündəmə gəlməsi Azərbaycanın regiondakı strateji əhəmiyyətinin sübutudur.

Noyabrın 17-dən 27-dək Bakıya Almaniyanın xarici işlər naziri Yohann Vadeful, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, baş nazirin müavini Mariam Kvrivishvili, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, Monteneqronun Baş naziri Miloyko Spayiç, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Litvanın xarici işlər naziri Kestutis Budris və Estoniyanın xarici işlər naziri Marqus Tsahkna səfər ediblər. Noyabrın 22-də isə ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin Azərbaycanda olub.

Bu qədər yüksək səviyyəli səfərin qısa müddətə təsadüf etməsi təsadüfi deyil. Söhbət yalnız ikitərəfli münasibətlərin inkişafından getmir. Bu səfərlərin gündəliyində enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, investisiyalar, regional sabitlik və Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar kimi məsələlər dayanır.

Avropa ölkələrinin Bakıya marağının başlıca səbəblərindən biri Azərbaycanın Cənubi Qafqazda formalaşmış siyasi və iqtisadi mövqeyidir. Azərbaycan regionun aparıcı siyasi-iqtisadi gücü olmaqla yanaşı, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafında, enerji təhlükəsizliyinin təmin edilməsində və regional əməkdaşlıq layihələrində mühüm iştirakçıdır.

Son illərdə geosiyasi proseslər, ənənəvi nəqliyyat marşrutlarında yaranan çətinliklər və enerji təchizatının şaxələndirilməsi zərurəti Azərbaycanın əhəmiyyətini daha da artırıb. Avropa üçün Azərbaycan yalnız enerji resursları əldə edilən ölkə deyil, həm də Xəzər hövzəsinə, Mərkəzi Asiyaya və daha geniş Asiya məkanına çıxış baxımından vacib tərəfdaşdır.

Bu mənada Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun rəqabətqabiliyyətliliyinin artırılması üçün Azərbaycanın nəqliyyat infrastrukturu, liman imkanları, dəmir yolları və tranzit potensialı mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri bu əməkdaşlığın əsas istiqamətlərindəndir.

Avropa rəsmilərinin Bakı səfərlərində nəqliyyat və logistika məsələlərinin xüsusi yer tutması da təsadüfi deyil. Avropa İttifaqı üçün alternativ marşrutların inkişafı iqtisadi maraq olmaqla yanaşı, geosiyasi və təhlükəsizlik baxımından da əhəmiyyətlidir.

Enerji sahəsində də Azərbaycan Avropanın diqqət mərkəzindədir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin enerji mənbələrini şaxələndirmək siyasəti daha da aktuallaşıb. Azərbaycan isə təbii qaz ixracı, Cənub Qaz Dəhlizi və bərpaolunan enerji potensialı ilə bu strategiyanın mühüm tərəfdaşlarından biri kimi çıxış edir.

Noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakıya səfəri zamanı da enerji, iqtisadiyyat, investisiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Almaniya tərəfinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və Orta Dəhlizin inkişafında roluna diqqət yetirməsi bu marağın konkret nümunəsidir.

İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Azərbaycana səfəri çərçivəsində keçirilən biznes forumda 240-dan çox nümayəndənin iştirakı isə iqtisadi əlaqələrin miqyasını göstərir. Tərəflər enerji, infrastruktur, bərpaolunan enerji, kritik xammallar və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Diplomatik fəallığın digər göstəricisi Avropa ölkələrinin Azərbaycandakı diplomatik mövcudluğunu genişləndirməsidir.

Noyabrın 27-də Estoniyanın Bakıda səfirliyinin rəsmi açılışı baş tutub. Estoniyanın ilk rezident səfiri Tiina Nirk olub. Bu addım Tallinin Cənubi Qafqazda diplomatik iştirakını gücləndirmək və Azərbaycanla əlaqələri daha fəal inkişaf etdirmək niyyətinin göstəricisidir.

Səfirliklərin açılması və ya yaradılması barədə qərarların qəbul edilməsi diplomatik münasibətlərin gündəlik idarə olunmasından daha geniş məna daşıyır. Bu, həmin ölkələrin Azərbaycanla əlaqələrə uzunmüddətli perspektivdən yanaşdığını və regionda baş verən proseslərdə iştirakını artırmaq istədiyini göstərir.

Azərbaycan-Avropa münasibətlərinin gündəliyində diqqət çəkən məsələlərdən biri də viza rejiminin sadələşdirilməsidir. Son günlər Litva və Estoniya rəsmilərinin bu istiqamətdə səsləndirdiyi fikirlər mövzunun yenidən aktuallaşdığını göstərir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrislə birgə mətbuat konfransında bildirib ki, Bakı Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasını qarşılıqlı faydalı addım kimi qiymətləndirir.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları turizm, təhsil və biznes məqsədilə Avropa ölkələrinə tez-tez səfər edirlər. Viza prosedurlarının sadələşdirilməsi bu səfərləri asanlaşdırmaqla yanaşı, insanlar arasında əlaqələrin, iqtisadi və humanitar əməkdaşlığın inkişafına da töhfə verə bilər.

Nazir qeyd edib ki, litvalı həmkarı bu məsələnin irəli aparılmasını dəstəkləyib. Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcəyi nəzərə alınarsa, həmin dövr viza gündəliyinin müzakirəsi üçün əlavə imkan yarada bilər.

Burada mühüm məqam ondan ibarətdir ki, viza məsələsi təkcə səyahət rahatlığı ilə məhdudlaşmır. Bu, tələbə mübadiləsi, turizm, biznes əlaqələri və insanlar arasında təmasların genişlənməsi deməkdir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində belə bir addımın atılması ikitərəfli əlaqələrə praktik məzmun verə bilər.

Avropa ölkələrinin Azərbaycanla təmaslarında diqqət çəkən digər istiqamət Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasıdır.

Azərbaycan və Ermənistan arasında sülh gündəliyi regionun gələcək iqtisadi və nəqliyyat perspektivləri baxımından da mühüm əhəmiyyət daşıyır. Kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, qarşılıqlı etimadın formalaşdırılması regionun beynəlxalq iqtisadi əlaqələrə daha geniş inteqrasiyası üçün imkanlar yarada bilər.

Avropa rəsmilərinin Bakıdakı görüşlərində sülh prosesinə toxunmaları da bu məsələnin beynəlxalq gündəlikdəki yerini göstərir. Çünki Cənubi Qafqazda davamlı sülh nəqliyyat marşrutlarının təhlükəsizliyi, ticarət əlaqələri və enerji layihələrinin inkişafı üçün vacib şərtdir.

Azərbaycanın ATƏT-ə sədrliyə namizədliyi məsələsi də bu kontekstdə diqqət çəkir. Noyabrın 27-də Estoniyanın xarici işlər naziri ilə birgə mətbuat konfransında Ceyhun Bayramov Azərbaycanın ATƏT-ə sədrlik üçün namizədliyini irəli sürməyə dəvət aldığını və ölkənin bu platformada müsbət töhfə verməyə hazır olduğunu bildirib.

Bu açıqlama Azərbaycanın beynəlxalq təşkilatlarda daha fəal rol oynamaq niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.

Noyabr ayında Bakıya baş tutan səfərləri, yeni diplomatik təmsilçilik qərarlarını və viza məsələsində səsləndirilən dəstək bəyanatlarını ayrı-ayrı hadisələr kimi deyil, ümumi siyasi mənzərənin tərkib hissəsi kimi dəyərləndirmək lazımdır.

Avropa Azərbaycanla münasibətlərini yalnız enerji əməkdaşlığı çərçivəsində saxlamaq istəmir. Nəqliyyat, logistika, investisiya, rəqəmsal inkişaf, bərpaolunan enerji, təhsil, turizm və regional təhlükəsizlik kimi sahələr də bu münasibətlərin əsas istiqamətlərinə çevrilir.

Azərbaycan isə coğrafi mövqeyi, iqtisadi imkanları, enerji resursları və regiondakı siyasi çəkisi ilə Avropa üçün əhəmiyyətli tərəfdaş olaraq qalır. Cənubi Qafqazda formalaşan yeni reallıqlar göstərir ki, regionun gələcəyi ilə bağlı müzakirələrdə Azərbaycanın mövqeyini nəzərə almadan dayanıqlı nəticələr əldə etmək çətindir.

Əsas məsələ diplomatik fəallığın konkret nəticələrə çevrilməsidir. Bu marağın real iqtisadi layihələrə, daha geniş ticarət əlaqələrinə, nəqliyyat imkanlarının artırılmasına və Azərbaycan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsinə çevrilməsi daha vacibdir.

Beləliklə, Avropanın Bakıya artan diqqəti sadəcə diplomatik protokolun intensivləşməsi deyil. Bu, Azərbaycanın Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında artan strateji əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərən prosesdir.