Son dəqiqə

Monteneqro

Monteneqro Prezidenti Azərbaycana səfər edəcək

Dublin,TurkicWorld

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

TurkicWorld-un xüsusi müxbirinin verdiyi məlumata görə, o, Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Monteneqro Prezidentinin Administrasiyası səfərin tarixlərini razılaşdırmaq üçün Azərbaycanla əlaqə saxlayır. Milatoviç qeyd edib ki, Qlobal Bakı Forumu çərçivəsində Bakıya səfər edə bilər, lakin səfərin konkret vaxtı hələ müəyyənləşdirilməyib.

İki ölkə arasında turizm əlaqələrindən danışan Monteneqro Prezidenti Azərbaycanın Monteneqroya turistlərin gəldiyi ölkələr sırasında yer aldığını vurğulayıb. O, həmçinin turizmin Monteneqro iqtisadiyyatında mühüm rol oynadığını qeyd edərək, bu sahədə ölkələr arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

"Monteneqro gözəl ölkədir. Biz turizm ölkəsiyik. Azərbaycandan, eləcə də dünyanın bir çox digər ölkələrindən bizə turistlər gəlir. Turizm iqtisadiyyatımızın əhəmiyyətli hissəsini təşkil edir. Biz hamı üçün açığıq, buna görə də ölkəmizə qonaq gəlin", – deyə o bildirib.

Qeyd edək ki, İrlandiyanın paytaxtı Dublində Avropanın 50-yə yaxın ölkəsinin və digər tərəfdaş dövlətlərin liderlərini bir araya gətirən Avropa Siyasi Birliyinin (EPC) 9-cu sammiti keçirilir.

Görüş Avropa Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Mixol Martinın həmsədrliyi ilə Dublin Konfrans Mərkəzində keçirilir. Sammit "Güclü, təhlükəsiz və qarşılıqlı əlaqəli Avropa" şüarı altında təşkil olunub.

Gündəliyin əsas mövzuları sırasında Avropanın təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsi, iqtisadi rəqabət qabiliyyəti, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun inkişafı və regional qarşılıqlı əlaqələrin gücləndirilməsi yer alır.

Avropanın müdafiə imkanlarına, kiberhücumlara, dezinformasiyaya və digər hibrid təhdidlərə qarşı mübarizəyə, həmçinin Avropanın təhlükəsizliyinin təmin edilməsində Avropa ölkələri və ABŞ arasında məsuliyyət bölgüsünə xüsusi diqqət yetiriləcək.

İqtisadi gündəliyə innovasiyaların və rəqəmsal infrastrukturun inkişafı, nəqliyyat əlaqələrinin gücləndirilməsi, enerji resurslarının əlçatan və etibarlı təchizatının təmin edilməsi, eləcə də Avropa iqtisadiyyatının xarici təsirlərə qarşı dayanıqlığının artırılması daxildir.

Avropa Siyasi Birliyi 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa ölkələri arasında siyasi dialoq və koordinasiya platforması kimi yaradılıb.

Azərbaycan üçün sammitdə iştirak enerji əməkdaşlığı, Cənubi Qafqazda sülh prosesi və nəqliyyat əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

EPC-nin növbəti sammitinin 2028-ci ilin may ayında Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu, Bakıya Avropa liderlərini qəbul etmək, regional məsələlər və daha geniş Avropa gündəliyi üzrə dialoqu davam etdirmək imkanı verəcək.

Dublində Avropa Siyasi Birliyinin sammiti başa çatdıqdan sonra, noyabrın 13-də Avropa İttifaqına üzv 27 dövlətin liderlərinin ayrıca qeyri-rəsmi görüşü keçiriləcək.

Mövzuya görə xəbərlər