Əli Əsədov

Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib

Bakı,TurkicWorld

Azərbaycan 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı İslam Zirvə Konfransına ev sahibliyi edəcək və təşkilata sədrlik edəcək.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, bu məsələ Azərbaycanın Baş naziri Əli Əsədovun oktyabrın 27-də İƏT-in Baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşündə müzakirə olunub.

Görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. İƏT-in baş katibinin forumda iştirakı yüksək qiymətləndirilib.

Tərəflər, həmçinin İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Bakı Görüşünün əhəmiyyətini qeyd ediblər. Bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün mühüm platforma kimi dəyərləndirilib.

Görüşdə Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi bildirilib. Azərbaycanın təşkilata üzv olduğu 35 il ərzində onun beynəlxalq nüfuzunun və institusional imkanlarının artırılmasına mühüm töhfələr verdiyi vurğulanıb.

İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl və prinsipial dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlər, eləcə də Azərbaycanla təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Mövzuya görə xəbərlər