BAKI,TurkicWorld
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 19-da Bişkekdə "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksini və görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Memorial kompleksdə Sahibə Qafarova abidənin önünə əklil qoyub. Nümayəndə heyətinə bildirilib ki, 2000-ci ildə istifadəyə verilən "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksi Qırğızıstanın dövlətçilik tarixinin yaddaşını bərpa etmək və qoruyub saxlamaq məqsədilə yaradılıb. Görkəmli yazıçı Çingiz Aytmatovun təklifi ilə kompleks "Ata-Beyit", yəni "Ataların məzarlığı" adlandırılıb. Memorial günbəz, qəbirüstü plitələr və memorial divardan ibarətdir.
Azərbaycan nümayəndə heyəti daha sonra Çingiz Aytmatovun Bişkekdə yerləşən ev-muzeyində olub. Qonaqlara məlumat verilib ki, muzey yazıçının ömrünün son illərini yaşadığı evdə fəaliyyət göstərir və 2014-cü ildə istifadəyə verilib.
Sahibə Qafarova burada yazıçının kiçik oğlu, Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatovla görüşüb. Eldar Aytmatov bildirib ki, evdə yazıçının sağlığında mövcud olmuş ab-havanı və şəraiti ən xırda detallarına qədər qoruyub saxlamağa çalışıb.
Ev-muzeyində Çingiz Aytmatovun şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları nümayiş etdirilir. Binanın ikinci mərtəbəsində yazıçının kabineti, yataq otağı və kitabxanası yerləşir.
Məlumat verilib ki, mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilən fond hazırda onun övladları tərəfindən idarə olunur.







