Son dəqiqə

Ceyhun Bayramov

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib

Bakı. TurkicWorld:

Azərbaycan və Çin arasında ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də Orta Dəhlizin regional və regionlararası bağlantıların gücləndirilməsində rolu müzakirə olunub.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanda işgüzar səfərdə olan Çin xarici işlər naziri Van İ ilə görüşü zamanı bildirilib.

Görüş Çin xarici işlər nazirinin Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yeddinci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində baş tutub.

Nazirlər xalqlar arasında yüksək səviyyəli dialoqun, qarşılıqlı etimadın və dostluğun ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıblar. Tərəflər 2025-ci ildə qurulmuş hərtərəfli strateji tərəfdaşlığın sürətlə inkişaf etməsini yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı əldə edilmiş mühüm razılaşmalar ikitərəfli əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Həmçinin 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağı diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan və Çin arasında BMT, AQEM və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinə sadiqlik ifadə olunub.

Nazirlər regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında da fikir mübadiləsi aparıblar. Mövcud çağırışların həllində davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov həmkarına Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın münaqişədən sonrakı dövrdə azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Mövzuya görə xəbərlər