Son dəqiqə

Sahibə Qafarova İsveçrə Cenevrə Milli Məclisin sədri Parlament

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

BAKI,TurkicWorld

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, spiker Sahibə Qafarova çıxışında beynəlxalq və regional parlament əməkdaşlığının genişləndirilməsi, çoxtərəfliliyin inkişaf etdirilməsində parlament diplomatiyasının rolu, parlamentlərin beynəlxalq qərar qəbuletmə prosesində rolunun artması və qlobal çağırışlara birgə yanaşmalara dair fikirlərini bölüşüb.

Parlamentin sədri qeyd edib ki, müasir dövrdə münaqişələr, geosiyasi gərginlik, iqtisadi bərabərsizlik, iqlim dəyişiklikləri və sürətli texnoloji inkişaf kimi çağırışlar dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində daha sıx əməkdaşlığını zəruri edir.

Bildirilib ki, çoxtərəfliliyin effektivliyi yalnız müxtəlif ölkələrin proseslərdə təmsil olunması ilə deyil, onların prioritetlərinin qərarların formalaşmasına real təsiri ilə ölçülməlidir. Bu baxımdan bütün regionların mövqelərinin eşidilməsi, bərabər iştirakın və qarşılıqlı etimadın təmin edilməsi mühüm əhəmiyyət daşıyır.

Parlament diplomatiyasının beynəlxalq münasibətlərdə xüsusi roluna diqqət çəkən Sahibə Qafarova, parlamentlərin hökumətlərarası münasibətlərin mürəkkəbləşdiyi hallarda dialoqun qorunmasına, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və sülhə yönəlmiş təşəbbüslərin dəstəklənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Spiker çıxışında davamlı inkişaf, qadınların və gənclərin ictimai-siyasi həyatda iştirakı, süni intellekt və rəqəmsal transformasiya, iqtisadi həmrəylik məsələlərini də diqqətə çatdırıb.

Qeyd edilib ki, beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal gündəmdə daha dolğun əks olunmasına imkan yaradır.

Spiker çıxışı zamanı Milli Məclisin beynəlxalq fəaliyyəti, müxtəlif regional və beynəlxalq parlament təşkilatlarında iştirakından da danışıb. Bu çərçivədə parlamentin sədri 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətindən söz açıb. O qeyd edib ki, Azərbaycanın bu təşkilata sədrliyi dövründə onun fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib, institusional strukturları formalaşdırılıb və regional, eləcə də beynəlxalq parlament təşkilatlar ilə əlaqələri genişləndirilib , bununla belə, Şəbəkənin qərargahının Bakıda yerləşdirilməsi təmin edilib.

Bildirilib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin keçirdiyi tədbirlər 70-dən çox ölkədən parlament rəhbərləri və deputatlar da daxil olmaqla, mindən artıq iştirakçını bir araya gətirib.

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) ən geniş təmsilçiyə malik beynəlxalq parlament təşkilatı olaraq, BMT ilə sıx əməkdaşlıq şəraitində qlobal çoxtərəfli sistemin parlament ölçüsünü təmin etdiyini bildirib.

Qeyd edilib ki, PAİ, seçilmiş nümayəndələrin səsini beynəlxalq qərarqəbuletmə prosesinə gətirməklə demokratiyaya, parlament diplomatiyasına və xalqlar arasında dialoqun gücləndirilməsinə xidmət edir. PAİ parlamentlər arasında açıq dialoqu qorumaq, qarşılıqlı anlaşmanı gücləndirmək və sülhə aparan yolları dəstəkləmək üçün mühüm platformadır. PAİ-nin əsas gücü müxtəlif siyasi sistemlərə və regional baxışlara malik parlamentləri bərabərhüquqlu dialoq ətrafında birləşdirərək ümumi problemlərə birgə parlament yanaşmalarının formalaşdırılmasına imkan verməsidir.

Çıxışında iqlim maliyyəsi məsələsinə də diqqət çəkən spiker qeyd edib ki, bu proses proqnozlaşdırıla bilən, dayanıqlı və əlçatan olmalıdır. Bununla belə, resurslar ehtiyacı olanlara, onlara çıxışı praktiki olaraq qeyri-mümkün edən prosedurlar olmadan çatmalıdır. O, parlamentlərin bu prosesdə mühüm rol oynadığını bildirib.

Milli Məclisin sədri 2024-cü ildə Bakıda keçirilən COP29-un bu baxımdan mühüm platforma olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, COP29 çərçivəsində Milli Məclisin və PAİ-nin yüzlərlə parlamentarini bir araya gətirərək iqlim dəyişikliyinə qarşı birgə cavab tədbirlərini müzakirə etmək üçün mühüm imkan yaratdığını bildirib.

Spiker çıxışında parlamentlərin inklüzivliyinin yalnız müxtəlif sosial qrupların və regionların təmsilçiliyi ilə məhdudlaşmadığını vurğulayıb. Bildirilib ki, əsl inklüzivlik parlamentlərin qərar qəbuletmə prosesində bərabər iştirak imkanlarının təmin olunmasını nəzərdə tutur. Bu baxımdan, bərabər təmsilçilik prioritetlərin müəyyənləşdirilməsi, qərarların formalaşdırılması və qəbul edilən qərarlara təsir imkanları ilə ölçülməlidir.

Parlamentin sədri qeyd edib ki, inkişaf hüququ da inklüziv və ədalətli idarəçilik yanaşmasının mühüm tərkib hissəsidir. Hər bir ölkənin öz milli prioritetlərinə və milli reallıqlarına uyğun inkişaf yolunu müəyyənləşdirmək, iqtisadi və institusional potensialını gücləndirmək, habelə vətəndaşlarının rifahını təmin etmək üçün bərabər imkanlara malik olması vacibdir.

Vurğulanıb ki, parlamentlər qanunvericilik fəaliyyəti, büdcə üzərində parlament nəzarəti, habelə beynəlxalq parlamentlərarası əməkdaşlıq vasitəsilə inkişaf hüququnun təmin olunmasına və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verirlər. Bu baxımdan, parlamentlər arasında bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafın və daha ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasına xidmət edir.

Çıxışına yekun vuran Milli Məclisin sədri ortaq gələcəyə yönəlmiş əməkdaşlığın müasir çoxtərəfli sistemin əsas prinsiplərindən biri olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli , 70- ə yaxın ölkənin səfiri, daimi nümayəndəsi, nümayəndə heyətinin rəhbəri və digər rəsmilər iştirak ediblər.

Mövzuya görə xəbərlər