Bakı. TurkicWorld:
İran rejiminin Urmiya gölünü qurutmaqda məqsədi insanları tarixi torpaqlarından uzaqlaşdırmaqdır.
TurkicWorld-un məlumatına görə, bunu "Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar" İctimai Birliyinin sədri Səftər Rəhimli “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir: "Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar yalnız kağız üzərində qalır. Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir".
S.Rəhimli bildirib ki, dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi ciddi narahatlıq yaradır.
“İran rejiminin gölü qurutmaqda məqsədi insanları tarixi torpaqlarından uzaqlaşdırmaqdır. Fars rejiminin bölgədə apardığı siyasətin mahiyyəti də bəllidir", - deyə o qeyd edib.