BAKI,TurkicWorld
Gürcüstan Azərbaycan və Ermənistan arasında müşahidə olunan müsbət proseslərin regionda sabitliyə və uzunmüddətli sülhə töhfə verəcəyini hesab edir.
TurkicWorld xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra jurnalistlərə açıqlamasında səsləndirib.
Nazir bildirib ki, Gürcüstanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı mehriban qonşuluq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında yer alır. Üç ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, texnologiya və digər mühüm sahələri əhatə edir.
Maka Boçorişvili qeyd edib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamikanı alqışlayır.
“Azərbaycan və Ermənistan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamikanı alqışlayırıq və hesab edirik ki, bu proses regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Gürcüstan regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi istiqamətində səylərini davam etdirməyə hazırdır. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları da dəstəkləyirik”, – deyə o bildirib.
Nazir vurğulayıb ki, Gürcüstan regionda əməkdaşlığın genişlənməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və sabitliyin təmin olunması istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək.







