BAKI,TurkicWorld
Gürcüstanda yaşayan azərbaycanlıların sosial inteqrasiyası məsələləri Gürcüstan Hökumətinin, şəxsən mənim və böyük dostum Azərbaycan Prezidenti İlham Əliyevin də diqqət mərkəzindədir.
TurkicWorld xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisi Cümə məscidində azərbaycanlılarla görüşdə deyib.
Azərbaycana səfərlərindən danışan Gürcüstan Prezidenti bildirib: “Azərbaycana səfərim zamanı Prezident İlham Əliyev xalqlarımız arasında olan böyük sevgidən danışdı. O bildirdi ki, biz eyni regionda yaşayırıq, birlikdəyik və xalqlarımız arasında xüsusi dostluq münasibətləri mövcuddur.
Mən cənab Prezident İlham Əliyevi özümə böyük dost hesab edirəm. Siz də bunu bilməlisiniz. Bu gün ətrafımızda baş verən hadisələr fonunda Gürcüstanda mövcud olan sabitlik və sülh məhz bu dostluq münasibətlərinin nəticəsidir.
Bizim Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətlərimiz var. Ermənistan da artıq sülh yolu ilə əməkdaşlığa qoşulub. Sülh içində olan Cənubi Qafqaz ideyası məhz burada başlayıb”.
Mixeil Kavelaşvili qeyd edib ki, Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların necə yaşaması, təhsil alması və dövlət dilini hansı səviyyədə bilməsi ilə də maraqlanıb. Gürcüstan Prezidenti deyib: “Həqiqətən də bu, çox vacib məsələdir. Gürcüstan vətəndaşı olan hər kəsin milli mənsubiyyətindən asılı olmayaraq dövlət dilini bilməsi zəruridir. Bu gün burada gənclər də iştirak edirlər. Bir az əvvəl yaşlı nəslin nümayəndələrindən biri mənimlə gürcü dilində danışdı və bu, məni çox sevindirir. Biz əsrlərdir bu ölkədə birlikdə yaşayırıq, bir yerdəyik və Gürcüstan bizim ümumi vətənimizdir. Buna görə də dövlət dilini bilməyimiz vacibdir. Biz də bu məsələ ilə bağlı sosial layihələrin həyata keçirilməsində maraqlıyıq və dəstəkləməyə hazırıq”.







