Bakı. TurkicWorld:
Bu gün qurduğumuz metro və yol infrastrukturu təkcə indiki ehtiyaclara cavab deyil, eyni zamanda gələcəyimizi necə formalaşdıracağımızla bağlı verilən seçimlərdir.
TurkicWorld xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Nazir vurğulayıb ki, gələcəyin formalaşması dedikdə təkcə cəmiyyətlər deyil, həm də düşüncə tərzi, idarəetmə modelləri və iqtisadi fəaliyyətin necə qurulacağı nəzərdə tutulur:
"2021-ci ildən etibarən ölkəmiz tranzit axınlarının bizi yan keçməməsi üçün ardıcıl siyasət yürüdüb və nəticədə tranzit dövriyyəsində təxminən ikiqat artım müşahidə olunub.
Ötən il region üzrə təxminən 17 milyon nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb. Çin–Türkiyə istiqamətində daşımalar isə artıq 15–18 gün kimi qısa müddətlərdə həyata keçirilir.
Lakin bu proses təkcə yük axınları ilə məhdudlaşmır. Onların ətrafında yeni logistika mərkəzləri, e-ticarət və xidmət zonaları formalaşır".
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.






