BAKI,TurkicWorld
Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda təcrübə mübadiləsi çərçivəsində bir sıra müəssisələrə baş çəkib.
TurkicWorld xəbər verir ki, Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində yaradılmış şəraitlə tanış olub.
Məlumata əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin iştirakı ilə keçirilən baxış zamanı Bakı İstintaq Təcridxanasında qonaqlara müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib, kameralar, tibb-sanitar hissə, kitabxana və digər obyektlər nümayiş etdirilib.
Eyni zamanda, Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində də korpuslar, tibb məntəqəsi, yeməkxana və digər sahələrə baxış keçirilib.
Qeyd olunub ki, səfərin yekununda iki ölkənin qanunvericiliyi və beynəlxalq hüquqi aktlar əsasında müvafiq müzakirələr aparılıb.







