Son dəqiqə

Zikh diasporasına qarşı repressiyalarla bağlı beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib Beynəlxalq konfrans zikh icmasına qarşı təzyiqlərlə bağlı narahatlıq ifadə edib Konfrans iştirakçıları BMT-ni transmilli repressiyaları araşdırmağa çağırıb Zikh fəallarına qarşı təqiblər beynəlxalq müzakirə mövzusu olub Bakı Təşəbbüs Qrupu zikh icmasının hüquqlarına dəstəyini bəyan edib Zikh diasporasının təhlükəsizliyi beynəlxalq konfransda müzakirə edilib

Hindistan hökumətinin transmilli repressiyalarına dair beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

“Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zikhlərin müqaviməti və BMT” adlı beynəlxalq konfransın iştirakçıları müxtəlif ölkələrdə fəaliyyət göstərən zikh icmasının fəallarına, insan hüquqları müdafiəçilərinə və zikh diasporasının üzvlərinə qarşı yönəlmiş transmilli repressiya halları və tendensiyaları ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər.

TurkicWorld Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, iştirakçılar, xarici ölkələrdə fəaliyyət göstərən zikh fərdləri və təşkilatlarına qarşı repressiya hallarının müxtəlif formaları — gizli müşahidə, qorxutma və təhdid, təqib və təzyiq, dezinformasiya kampaniyaları və zorakılıq aktları vasitəsilə həyata keçirildiyini əks etdirən sənədləşdirilmiş nümunələrin mövcudluğunu dərin narahatlıqla qeyd edirlər. Bu cür praktikalar sərhədlərdən kənarda həyata keçirildiyi zaman, fundamental insan hüquq və azadlıqlarının ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, beynəlxalq hüququn əsas prinsiplərini və diaspor icmalarının məskunlaşdığı dövlətlərin suverenliyini də əhəmiyyətli dərəcədə zəiflədir.

İştirakçılar, habelə zikh fəalı Bhai Hardeep Singh Nijjarın qətlə yetirilməsindən sonra yayılan məlumatlar fonunda Hindistan Hökuməti tərəfindən zikh fəallarına qarşı təzyiq, qorxutma və digər təqib formalarının davam etdirildiyi barədə xəbərləri ciddi narahatlıqla qeyd edirlər. Bildirilir ki, bu cür hallar xüsusilə Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Kanada və Avstraliya ilə yanaşı, İtaliya, Belçika və Almaniya kimi bir sıra Avropa ölkələrində də müşahidə olunur. Sözügedən pozuntular zikh diaspor icmalarının təhlükəsizliyi, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması baxımından ciddi narahatlıq doğurur.

Bakı Təşəbbüs Qrupu (BTQ) zikh xalqının fundamental hüquq və azadlıqlarını, eləcə də milli və mədəni kimliyini qorumaq istiqamətində apardığı legitim və hüquqa əsaslanan mübarizəyə dəstəyini bir daha təsdiq edir. Bununla yanaşı, Bakı Təşəbbüs Qrupu transmilli repressiya halları ilə bağlı məsələlərin beynəlxalq institutların gündəliyində prioritet mövzu kimi qaldırılmasının və bu cür fəaliyyətlərin müvafiq beynəlxalq nəzarət və araşdırma mexanizmləri çərçivəsində hərtərəfli şəkildə araşdırılmasının zəruriliyini vurğulayır.

Bugünkü konfransın iştirakçıları Birləşmiş Millətlər Təşkilatını (BMT), onun müvafiq insan hüquqları mexanizmlərini, eləcə də beynəlxalq ictimaiyyəti aşağıdakı tədbirləri görməyə çağırmışdır:

Zikh fəalları və diaspor icmalarını hədəf alan transmilli repressiya halları ilə bağlı məlumatların sistemli şəkildə monitorinqini aparmaq və bu halların hərtərəfli araşdırılmasını təmin etmək;

milli sərhədlərdən kənarda həyata keçirilən qorxutma, təhdid, təqib və ya zorakılıq halları ilə bağlı işlərdə hesabatlılıq və şəffaflıq prinsiplərinin təmin edilməsini təşviq etmək;

diaspor icmaları, insan hüquqları müdafiəçiləri və siyasi fəallar üçün beynəlxalq müdafiə və təminat mexanizmlərini daha da gücləndirmək.

Xüsusilə, BTQ və Sikh Federation International beynəlxalq ictimaiyyəti, eləcə də BMT və onun aidiyyəti qurumlarını, o cümlədən BMT-nin İnsan Hüquqları Şurasını, insan hüquqları müdafiəçiləri və azlıqlar üzrə BMT-nin xüsusi məruzəçilərini və digər beynəlxalq mexanizmləri zorakılıq aktlarını törədən şəxslərə qarşı konkret və təsirli addımlar atmağa çağırırlar. Bu əməliyyatların arxasında duran komanda və idarəetmə zəncirini aydınlaşdırmaq, beynəlxalq hüquq pozuntularını qiymətləndirmək və müvafiq hesabatlılıq və hücumların qarşısının alınması mexanizmlərini müəyyən etmək məqsədilə Hindistan hökumətinin hücumları ilə bağlı müstəqil araşdırmanın başlanması üçün BMT-yə çağırış edirlər.

İştirakçılar, qeyd edilən məsələlərə diqqət çəkmək və Hindistandakı zikh və digər icmaların hüquqlarının təmin olunmasına töhfə vermək məqsədilə beynəlxalq forumlarda davamlı iştirak və əlaqələrin davam etdirilməsinə olan öhdəliklərini bir daha təsdiqləyirlər.