BAKI,TurkicWorld
Biz bu gün Naxçıvanda İranın pilotsuz təyyarələrinin hücumlarını və Azərbaycanın təhlükəsizliyini təhdid edən hər hansı bir hərəkəti qətiyyətlə pisləyirik.
TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Biz Azərbaycan və zərər çəkənlərlə həmrəyik. Vəziyyəti və gələcək inkişafları yaxından izləməyə davam edəcəyik", - paylaşımda qeyd olunur.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.







