BAKI,TurkicWorld
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səfəri çərçivəsində Xocalı soyqırımının ildönümü ilə bağlı mühüm mesajlar səsləndirib.
TurkicWorld xəbər verir ki, Fuat Oktay bildirib ki, Xocalı faciəsini anmaq və yadda saxlamaq regionda gələcəkdə oxşar hadisələrin təkrarlanmaması baxımından böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, tarixi həqiqətlərin unudulması yeni faciələrə zəmin yarada bilər və buna görə də bu hadisələr daim xatırlanmalı, gələcək nəsillərə çatdırılmalıdır.
Komitə sədri qeyd edib ki, Şuşadan Xankəndiyə və Xocalıya qədər Qarabağda uzun illər davam edən işğal dövrü artıq geridə qalıb. O vurğulayıb ki, bundan sonra bölgədə davamlı sülhün və sabitliyin təmin olunacağına ümid edirlər.
Fuat Oktay çıxışında informasiya müharibəsi məsələsinə də toxunaraq bildirib ki, tarix boyu türklərə qarşı qətliamlar törədən qüvvələrin bu gün beynəlxalq müstəvidə əks-təbliğat aparması qəbuledilməzdir. Onun sözlərinə görə, bəzi ölkələrin parlamentlərində bu istiqamətdə qərarların qəbul olunması təəssüf doğurur.
Komitə sədri əlavə edib ki, bölgədə ədalətli və davamlı sülhün bərqərar olması üçün tarixi faktlara obyektiv yanaşma vacib şərtdir.







