Son dəqiqə

Elxan Şahinoğlu Qlobal təhlükəsizlik arxitekturasının formalaşması Atlas Araşdırmalar Mərkəzi ABŞ-Azərbaycan münasibətləri Azərbaycanın Sülh Şurasına qoşulmasının səbəbləri Elxan Şahinoğlunun eksklüziv açıqlaması Tramp administrasiyasının təhlükəsizlik planları Azərbaycanın balanslaşdırılmış xarici siyasəti Ermənistanın Sülh Şurasında iştirakı Vaşinqton-Bakı münasibətlərinin yeni mərhələsi Yaxın Şərq Sülh Prosesi

Azərbaycanın Sülh Şurasında iştirakı strateji zərurətdir - Elxan Şahinoğlu (ÖZƏL)

BAKI,TurkicWorld, Fərid Mikayılov

Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulması bir neçə strateji amillə izah olunur.

Bu barədə siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu TurkicWorld-ə eksklüziv müsahibəsində deyib.

Analitik bildirib ki, ilk növbədə Azərbaycanla ABŞ arasında son dövrlərdə formalaşan strateji tərəfdaşlıq münasibətləri bu qərarın əsas səbəblərindəndir. Onun sözlərinə görə, ötən ilin avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh sazişinin paraflanması, bu ilin fevralında isə ABŞ vitse-prezidenti Cey di Vensin Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

“Elə bu reallıq fonunda Azərbaycan Trampın təsis etdiyi Sülh Şurasından kənarda qala bilməzdi. Üstəlik, Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının da Şuraya üzv olması Bakının qərarına təsir edən amillərdəndir. Ermənistanın da üzvlüyə müsbət cavab verməsi Azərbaycanın Vaşinqtona mənfi cavab vermək imkanını daraldırdı” – deyə o vurğulayıb.

Şahinoğlu qeyd edib ki, ikinci mühüm amil Yaxın Şərq kontekstidir. Onun sözlərinə görə, Donald Tramp ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Prezident İlham Əliyevi dəvət etməklə Azərbaycanın bölgədəki sülh prosesində iştirakını arzuladığını nümayiş etdirib.

“Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməsi nəzərdə tutulmasa da, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib. Bu prosesə ABŞ nəzarət edəcəksə və iştirak üçün Sülh Şurasının üzvlüyü tələb olunursa, Azərbaycanın bu platformada təmsilçiliyi məntiqli addımdır. Rəsmi Bakı İsrail və Fələstinlə paralel diplomatik münasibətləri qoruyaraq balans siyasətini davam etdirmək niyyətindədir” – analitik bildirib.

Üçüncü səbəb kimi isə Şahinoğlu Sülh Şurasının gələcək perspektivlərini göstərib. Onun sözlərinə görə, Donald Tramp və administrasiyası bu platformanı uzunmüddətli perspektivdə daha güclü beynəlxalq təşkilata çevirməyi hədəfləyir.

“Azərbaycan supergüc statusuna malik ABŞ-ın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq prosesindən kənarda qala bilməz. Bu, həm geosiyasi, həm də strateji baxımdan düzgün seçimdir”, – deyə analitik əlavə edib.

Mövzuya görə xəbərlər