BAKI,TurkicWorld
Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar və elmi əməkdaşlığın inkişafı istiqamətində növbəti yüksək səviyyəli təmas baş tutub.
TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Elmlər Akademiyasının Maxtumqulu Fəraği adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedov ilə görüş keçirib.
Görüş zamanı Azərbaycanla Türkmənistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində 2025-ci ildə yeni inkişaf mərhələsinə yüksəldiyi qeyd olunub. Tərəflər ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların intensiv xarakter aldığını vurğulayıblar.
Müzakirələrdə Azərbaycan–Türkmənistan Birgə Hökumətlərarası Komissiyası çərçivəsində mədəni-humanitar sahələr üzrə əməkdaşlığın ardıcıl şəkildə genişləndirildiyi, birgə layihələrin həyata keçirildiyi və xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirildiyi bildirilib.
Qeyd edilib ki, 2025-ci ildə Azərbaycanda Türkmənistanın mədəniyyət günləri uğurla keçirilib, 2026-cı ildə isə Türkmənistanda Azərbaycanın mədəniyyət günlərinin təşkili nəzərdə tutulur.
Görüşdə elm və təhsil sahələrinin ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb. Bu sahədə qarşılıqlı səfərlərin artırılması, elmi qurumlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd olunub.
Böyük türkmən şairi Maxtumqulu Fərağinin irsinin birgə tədqiqinin əhəmiyyəti vurğulanaraq, onun yaradıcılığının Azərbaycanda daim böyük maraqla qarşılandığı, əsərlərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, ötən il Aşqabadda Maxtumqulu Fərağinin “Aşiq olmuşam” adlı şeirlər kitabının Azərbaycan və türkmən dillərində təqdimatı keçirilib. Həmçinin 2025-ci ildə AMEA-da Maxtumqulu Fəraği Türkmən Ədəbiyyatı Mərkəzinin fəaliyyətə başladığı xatırladılıb.
Tərəflər Azərbaycanla Türkmənistan arasında elm və təhsil sahəsində imzalanmış əməkdaşlıq sənədlərinin praktiki nəticələr verdiyini qeyd edərək, ali təhsil müəssisələri və elmi-tədqiqat institutları arasında birgə elmi proqramların icrası, ortaq konfrans və simpoziumların təşkili, gənc alimlərin mübadiləsi və birgə elmi nəşrlərin hazırlanması məsələlərini müzakirə ediblər.
Xüsusilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Maxtumqulu Fəraği adına Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlığın birgə tədqiqatlar, əlyazmaların mübadiləsi, rəqəmsallaşdırma və ortaq nəşrlər vasitəsilə genişləndirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda UNESCO, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Türk Akademiyası çərçivəsində əməkdaşlığın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi imkanları da müzakirə olunub.