Bakı, TurkicWorld
2020-ci il noyabr ayından etibarən mina məsələsi Azərbaycan üçün prioritet istiqamət olub.
TurkicWorld xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, dəqiqliyi 25 faiz olan mina xəritələri münaqişə başa çatdıqdan 8 ay sonra Azərbaycana verildi.
"Bu məsələdə israrımızı davam etdirəcəyik. Qarşı tərəf deyir əlimizdə nə varsa vermişik. Minalarla bağlı vəziyyət intensivdir. Artıq 415 mina qurbanı var, onlardan 71-i həyatını itirib. ANAMA-nın xarici təşkilatlarla əməkdaşlıq istiqamətləri genişlənir. 2020-2023-cü illərdə də ikinci təmas xəttinin yaradılması cəhdi, Laçın dəhlizi qanunsuz sursatların daşınması və minaların Azərbaycan ərazilərində basdırılması davam edib".
Onun sözlərinə görə, qısa müddət ərzində mina probleminin aradan qaldırılması real görünmür.
"Vətəndaşlar azad edilən ərazilərdə mina basdırılması riski yüksək olan ərazilərə icazəsiz səfər etməməlidirlər",- deyə C.Bayramov əlavə edib.






