Bakı Forumu hər zaman qlobal məsələlərin həllinə töhfə verən bir platformadır - Rosen Plevneliev

Bakı Forumu hər zaman qlobal məsələlərin həllinə töhfə verən bir platformadır - Rosen Plevneliev

Bakı. TurkicWorld:

Qlobal Bakı Forumu hər zaman qlobal məsələlərin həlli istiqamətində öz töhfəsini verən bir platforma olub.

Bunu TurkicWorld-ə özəl açıqlamasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev bildirib.

Onun sözlərinə görə, IX Qlobal Bakı Forumu bu il dünyada keçirilən ən əhəmiyyətli tədbirlərdən biridir.

Forumda 50-dən çox ölkənin, beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gəldiyini xatırladan R.Plevneliev qeyd edib ki, bu səbəbdən Qlobal Bakı Forumu unikaldır.

"Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Avropadakı hazırkı böhran, Cənubi Qafqazda çoxtərəflilik kimi məsələlərin müzakirə olunduğu bu forum hər zaman qlobal məsələlərin həlli istiqamətində öz töhfəsini verən bir platforma olub. Dünyada hazırda bir çox sahədə dəyişikliklər baş verir və bu dəyişikliklər özü ilə birgə müəyyən problemlər gətirir.

Belə bir vaxtda müxtəlif ölkələrdən, təşkilatlardan nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, diplomatların bir araya gələrək müzakirələr aparması çox əhəmiyyətli bir hadisədir. Onlar öz fikirlərini bölüşərək problemlərin həlli üçün çıxış yolları təklif edirlər. Forumda siyasətçilərlə yanaşı, müxtəlif sahədən insanları - gəncləri, iqtisadçıları görə bilərsiniz. Bu səbəbdən Azərbaycan və Azərbaycan hakimiyyətinə minnətdarlığımızı bildiririk ki, fərqli ölkələrdən, fərqli sahələrdən insanların bir araya gəlməsini təşkil edərək, məsələlərə fərqli aspektlərdən baxaraq həll yolu tapılmasına kömək edir”, - deyə R.Plevneliev bildirib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan 9-cu Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Üç gündür davam edən Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.