Azərbaycanla İtaliya arasında strateji iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır - Ceyhun Bayramov

Azərbaycanla İtaliya arasında strateji iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

“İtaliyanın xarici işlər naziri Luici Di Maionun bu ilin 2 aprel tarixində Azərbaycana rəsmi səfəri tərəfdaşlığımızın daha da gücləndirilməsinə müsbət təkan verdi”

Azərbaycan və İtaliya arasında qədim tarixə və ənənəvi dostluq münasibətlərinə əsaslanan əlaqələr son 30 ildə böyük inkişaf yolu keçib: hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyəli münasibətləri olan ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur.

TurkicWorld xəbər verir ki, bunları Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin ötən həftə Reccia di Venariada baş tutan görüşü çərçivəsində “Agenzia Nova”ya müsahibəsində deyib.

“İtaliyanın xarici işlər naziri Luici Di Maionun bu ilin 2 aprel tarixində Azərbaycana rəsmi səfəri tərəfdaşlığımızın daha da gücləndirilməsinə müsbət təkan verdi. Səfər çərçivəsində münasibətlərimizin tarixində ilk dəfə olaraq, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Strateji Dialoqun ilk iclası keçirildi. Ölkələrimiz arasında strateji dialoqun yaradılması, Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı iki ölkənin hökumət başçıları tərəfindən imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də öz əksini tapmışdır”, nazir əlavə edib ki, Bakıda strateji dialoqun ilk iclasının keçirilməsi bizə ikitərəfli münasibətlərin daha da gücləndirilməsi ilə bağlı hərtərəfli müzakirələrin aparılmasına gözəl imkan yaratdı. Hazırda ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur, habelə iqtisadi, energetika, humanitar, o cümlədən mədəniyyət və təhsil sahələrində qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur. Həmkarımın səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi baş tutdu. Mədəniyyət sahəsində intensiv mübadilələr mövcuddur. Azərbaycan hökuməti tərəfindən İtaliyanın maddi-mədəni irsinin bərpası sahəsində bir sıra layihələr həyata keçirilməsinə dəstək göstərilib. Yaxın zamanda ölkəmizin İtaliyadakı səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin təsis edilməsi nəzərdə tutulur. Biz çətin mərhələdə də bir-birimizin yanında olduğumuzu nümayiş etdirmişik, pandemiya zamanı Azərbaycan-İtaliya dostluq və tərəfdaşlığı möhkəmlənib, tərəflər o zamanlarda bir-birinə yardımlar edib. Bütün bu sadalananlar ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı ilə bağlı çox müsbət düşünməyə əsas verir. İnanırıq ki, ikitərəfli strateji əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcəkdir”, - Bayramov əlavə edib.

Nazir vurğulayıb ki, Azərbaycan ilə İtaliya arasında strateji iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır və ölkəmiz İtaliyanın əsas xam neft, ötən ildən başlayaraq isə təbii qaz təchizatçılarından biridir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən, eyni zamanda İtaliyanın qaz bazarında qiymətlərin sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir.

Cari ilin may ayınadək Trans-Adriatik təbii qaz boru kəməri (TAP) vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilmişdir. 2022-ci ildə Azərbaycandan İtaliyaya 9.5 milyard kub metr təbii qaz təchizatı proqnozlaşdırılır. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Tam genişlənmə və ötürmə qabiliyyətinin iki dəfə - 20 milyard kubmetrə qədər artırılacağı təqdirdə, TAP İtaliyanın qaza olan tələbatının 20-25%-ni ödəyə bilər”. “Ümumiyyətlə, Avropa İttifaqı və onun bəzi üzv ölkələri Ukraynada baş verən hadisələrdən öncə də Azərbaycandan enerji resurslarının nəqlinin artırılmasına maraq nümayiş etdirmişlər. Bəzi ölkələrdən onların öz enerji istehlakında kömürün qazla əvəz edilməsinə və enerji keçidinə töhfə üçün Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara doğru genişləndirilməsi ilə bağlı müvafiq sorğular alınmışdır. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə və təchizat mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfə verməklə özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Təbii ki, Azərbaycan qazının daha geniş Avropa məkanına nəqli əlavə resurs bazasına sərmayələrin cəlb edilməsi deməkdir və biz, bu məsələdə Avropa İttifaqı və üzv ölkələrin dəstəyinə ümid edirik”, deyərək Bayramov davam edib. “Elektrik enerjisinin ixracı sahəsində təcrübəyə malik Azərbaycan Avropa İttifaqını da elektrik enerjisi ilə təmin etmək potensialına malikdir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə ənənəvi enerji resurslar ilə yanaşı, hidrogen və bərpa olunan enerji sahəsində də əməkdaşlıq imkanlarını nəzərdən keçirir. 2030-cü ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerjinin payının 30%-ə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Dənizdə külək enerjisinin inkişafı və ölkəmizin işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması istiqamətində konkret addımlar atılmaqdadır. Beləliklə, Azərbaycan neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpa olunan enerjinin ixracı ilə genişləndirə bilər. Göründüyü kimi, qlobal enerji bazarında Azərbaycan kommersiya maraqlarından çıxış edir və digər ölkələrin bazar payını əvəz etmək və ya onlarla rəqabət etmək məqsədi qarşısına qoymur”, deyərək azərbaycanlı nazir davam edib.

İkitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoq barədə danışan Bayramov vurğulayıb ki, “Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarət olub. Hətta ərazilərimizin bir hissəsi 30 ilə yaxın işğal altında olduğu zaman, Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək səyləri göstərib, onilliklər ərzində danışıqlar prosesində iştirak edib. İndiki mərhələdə, ərazilərinin işğalına son qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan qonşu Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması mövqeyindən çıxış edir və bu istiqamətdə addımlar atır. Biz, bu məqsədə real töhfə verə bilən bütün beynəlxalq platformalardan faydalanmağın tərəfdarıyıq. Bu xüsusda, qeyd edib ki, “Avropa Şurasının da etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə töhfə verə biləcəyini düşünürük. AŞ Baş katibinin təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü keçirilib və bunu müsbət qiymətləndiririk. Bu günədək iki ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi beynəlxalq platformalarda görüşlərin keçirilməsi təcrübəsi mövcud olub. AŞ Nazirlər Komitəsinin Turin görüşündə belə bir görüş keçirilmədi, lakin hesab edirik ki, ümumiyyətlə bu kimi beynəlxalq çərçivələrin sülh dialoquna müsbət töhfəsi ola bilər. Ən əsası isə əlbəttə ki, hər iki tərəfin sülhü yaratmaqla bağlı möhkəm iradəsini nümayiş etdirməsidir. İtaliyanın yanaşmasına gəldikdə isə, İtaliyanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hər zaman dəstək verib və bölgədə sülhün təmin olunmasına çağırıb. Biz, hazırda azad edilmiş ərazilərdə aparılan bərpa və yenidən qurma prosesində İtaliya şirkətlərinin iştirakını yüksək qiymətləndirir və bunun bölgənin gələcək sülh və tərəqqisinə töhfə olduğunu hesab edirik.

Bayramov xatırladıb ki, “2020-ci il 9/10 noyabr tarixli üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara son qoydu: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldı və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Doğrudur, ümumilikdə bölgədəki cari vəziyyəti müsbət qiymətləndirmək olar, lakin bəyanatın bəzi müddəaları Ermənistan tərəfindən hələ də tam yerinə yetirilməyib. Hesab edirik ki, bölgədə sülh quruculuğu üçün ilk növbədə, üçtərəfli bəyanatlar, habelə sonrakı görüşlərdə, o cümlədən Brüsseldə Aİ Prezidentinin iştirakı ilə baş tutan iki ölkə liderlərinin görüşlərində əldə edilən razılaşmaların həyata keçirilməsi olduqca vacibdir.”

O ki, qaldı Rusiya-Ukrayna müharibəsi və onun bölgədəki vəziyyətə təsiri məsələsinə, nazir ilk öncə bildirdi ki, “Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri mövcuddur, burada söhbət iki böyük ölkə ilə olan hərtərəfli və yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən gedir. Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur. Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırıb və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayıb. Qeyd etmək istərdim ki, Azərbaycan dövlət başçısının hələ müharibənin ilk günlərində hər iki ölkənin başçısı ilə telefon danışıqları olub. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Azərbaycan özü 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət kimi beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normalara əməl olunması tərəfdarıdır. Ona görə də, Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir. Qeyd etmək istərdim ki, Azərbaycan Ukraynaya ilk humanitar yardım göstərən ölkələr sırasında olub. Bu günədək tərəfimizdən Kiyevə 15 milyon avroluq humanitar yardım göstərilib.”