Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir - Çavuşoğlu

Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir - Çavuşoğlu

Bakı. TurkicWorld:

İrəvan Bakının sülh təşəbbüslərinə müsbət cavab verməlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz Ermənistanı bu xoş niyyətlərə cavab verməyə cağırmaqda və təşviq etməkdə davam edirik. Ölkə daxilindəki radikalların və xaricdəki diasporun Ermənistan hakimiyyətinə təzyiq etdiyini görürük. Biz artıq təkcə ABŞ dövlət katibi Entoni Blinkenə deyil, digər həmsöhbətlərimizə də demişik ki, Ermənistan bu istiqamətdə daha çox təşviq edilməlidir. ABŞ dövlət katibi ilə dünən baş tutan görüşümüzdə bir daha xatırlatdıq ki, Türkiyə və Azərbaycan regionda sabitliyin təmin edilməsi naminə sülh istəyir və xoşməramlılıq nümayiş etdirir", - M.Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibədə qələbə qazandıqdan sonra Azərbaycan regionda sülh niyyətini açıq şəkildə nümayiş etdirib. Çavuşoğlu xatırladıb ki, Azərbaycan tərəfi Ermənistana hərtərəfli sülh sazişi bağlamağı təklif edib.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı aparılan danışıqları da dəstəkləyir.