Bakı. TurkicWorld:
Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun üzvləri Xocalı soyqırımının 33-cü ildönümü və Qərbi Azərbaycanlıların qayıdış hüququnun bərpası ilə əlaqədar ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbova açıq məktub ünvanlayıb. Məktubda 33 il öncə 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş soyqırım aktının bəşəriyyət tarixinin qanlı səhifələrindən biri olduğu bəyan edilir, həmin gecə 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla, 613 azərbaycanlının xüsusi qəddarlıqa qətlə yetirildiyi vurğulanır.
TurkicWorld xəbər verir ki, məktubda Kolumbiyanın bu qanlı hadisəyə biganə qalmadığı, müxtəlif dövrlərdə Kolumbiya Konqresi tərəfindən qəbul edilmiş sənədlərdə Xocalıda həyata keçirilmiş qətliamın qətiyyətlə pislənildiyi və soyqırım aktı kimi təsbit olunduğu bildirilir. Bu dəhşətli hadisənin 33-cü ildönümü ilə bağlı Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilməklə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilir.
Eyni zamanda, Azərbaycanın Ermənistan ilə dayanıqlı sülhün əldə edilməsi və münasibətlərin normallaşması istiqamətində göstərdiyi səylər alqışlanır, doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ermənistan ərazisindəki dədə-baba yurdlarına tezliklə və ləyaqətlə geri dönüşünün, qayıdış hüququnun təmin ediləcəyinə ümid ifadə olunur.
Sonda Kolumbiya Respublikasının qardaş Azərbaycan xalqı ilə həmrəy olduğu, dostluq əlaqələrini genişləndirməklə ikitərəfli münasibətləri daha da gücləndirəcəyi qeyd olunur.