Rufiz Hafizoğlu

Ərdoğan Suriyaya gedəcək? – Türkiyə lideri Ramazanın ilk günündə bu səfəri reallaşdıra bilər

Bakı, TurkicWorld

Türkiyə və Suriya arasındakı münasibətlər tarix boyu müxtəlif mərhələlərdən keçib. Bu iki qonşu ölkə arasında əlaqələr zaman-zaman gərginləşmiş, lakin son dövrlərdə yenidən normallaşma istiqamətində addımlar atılıb. Türkiyə KİV-lərində yayılan xəbərlərə görə, Prezident Rəcəb Tayyib Ərdoğan bu ilin Ramazan ayının ilk iftarını və təlafi namazını Suriyanın paytaxtı Dəməşqdəki Əməvi məscidində edəcək. Ərdoğanın bu səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə və normallaşma prosesinin sürətlənməsinə töhfə verə bilər. Türkiyə və Suriya arasında münasibətlərin normallaşması isə regional sabitliyin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bəs ehtimal olunan səfər zamanı hansı mövzular müzakirə oluna bilər?

TurkicWorld crossmedia-ya istinadən xəbər verir ki, proseslərlə bağlı Trend BİA-nın baş direktorunun müavini, siyasi şərhçi Rufiz Hafizoğlu bu mövzuda bir sıra məsələlərə aydınlıq gətirib. Ekspert ilk olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan ayının ilk iftarını Dəməşqdə açacağı xəbərinin hələ rəsmi təsdiqini tapmadığını vurğulayıb: “Türkiyə KİV-lərində hələ rəsmi təsdiqini tapmayan belə bir xəbər yayıldı ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu ilə təsadüf edən Ramazanım ilk iftarını və təlafi namazını Dəməşqdə Əməvi məscidində edəcək. Təbii ki, xəbər hələ rəsmi təsdiqini tapmayıb. Bu konteksdən çıxış edərək qeyd etmək istərdim ki, Türkiyənin Suriya siyasəti o qədər də asan olmayıb. Ümumiyyətlə Suriya birbaşa islam dünyası üçün təhdid olmaqla yanaşı eyni zamanda, türk dünyası üçün təhdid doğuran ölkə olub. Bunun da müxtəlif səbəbləri var”.

Onun sözlərinə görə, Əhməd Davudoğlu Baş nazir olarkən dəfələrlə Suriyada cümə namazı qılmaqla bağlı açıqlamalar versə də, bunlar reallaşmayıb. Türkiyənin Suriya siyasəti çətinliklərə baxmayaraq xalqın yanında olan bir siyasət olub. İran və onun dəstəklədiyi radikal silahlı qruplaşmalardan fərqli olaraq Türkiyə Suriya xalqının yanında olduğunu göstərib.

Mütəxəssisin fikrincə, bu baxımdan səfərin baş tutması mümkündür, lakin rəsmi mənbələrə üstünlük vermək daha yaxşı olar: “Ramazana bir neçə gün qaldığı üçün bu gün və ya sabah səfərin olub-olmaması ilə bağlı rəsmi açıqlama ola bilər. Dəməşq səfəri bayram gününə də təsadüf edə bilər. Bu səfərin arxasında ciddi məsələlər var və simvolikadan daha çox məna daşıyır. Əhməd-əş-Şaraa Suriyada keçid hökumətinin prezidenti təyin olunduqdan sonra ilk səfəri Səudiyyə Ərəbistanına, ikinci səfəri isə Türkiyəyə olub. Bu səfərlər zamanı PKK-nın tərkisilah edilməsi və Suriya ərazisində türk hərbi bazalarının inşa edilməsi məsələləri gündəmə gəlib”.

Bəzən bir çoxlarının, xüsusən də İranın dəstəklədiyi “təbliğat maşınları”nın səsləndirdiyi bir fikir var ki, Azərbaycan niyə Suriyada səfirlik açıb, diplomatik əlaqələrini bərpa etməyə can atır: “Azərbaycan Prezidenti İlham Əliyev bir çox ərəb liderlərini qabaqlayaraq Suriya ilə diplomatik münasibətlərin normallaşması istiqamətində addımlar atır. Suriya İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğuna baxmayaraq açıq şəkildə Ermənistana dəstək verib, erməni terror qruplarına yer olan ölkə olub və burda PKK faktoru da danılmazdır. Azərbaycan və Türkiyə üçün təhdid yaradan terror yuvasının dağılması Azərbaycan üçün önəmlidir.

60 ildən çox mövcud olan Əsəd rejiminin birdən-birə çökməsi ilə ordakı xalqın rifaha çıxması asan deyil. Onu da qeyd edək ki, Suriya əhalisinin ən azı 90%-i sünni əhalidir. Bu əhaliyə təssüflər olsun ki, məhz İranın dəstəklədiyi və din adı altında “əməvilərin nəvəsisiz” deyərək qətl edən, Hizbullah, Hüseyniyun, Fatimüyun qrupları vardı ki, bu məsələni sırf dini anspektə yönəldirdilər. Bunun psixoloji təsirlərindən qurtulmaq heç də asan deyil.

R.Hafizoğlunun sözlərinə görə bu gün Suriyanın başlıca problemləri stabillik, beynəlxalq tanınma və qonşu ölkələrdən - Səudiyyə Ərəbistanı, Livan, Türkiyədən gələn qaçqınların geri qayıtması məsələsidir: “Digər bir tərəfdən keçmiş hökümətin qalıqlarının və Suriyadaxili kəşfiyatın üzvlərinin birdən-birə ortadan çıxması çox ciddi sual doğurur. Başqa bir önəmli məsələ isə Suriya üzərində olan iqtisadi sanksiyalardır ki, fikrimcə bu sanksiyalar tədricən qalxacaq. İsrailin Colan yüksəkliklərində, Cəbəlülşeyx dağında irəliləməsi də problemdir. Daha az gündəmə gətirilən məsələlərdən biri də Əhməd-əş-Şaraa ilə olan qruplaşmada xarici döyüşçülərin məsələsidir. Onların öz ölkəsinə geri göndərilməsidir. Ölkənin unitarlığının qorunması məsələsi də önəmli məsələlərdəndir. Bu gün PKK-nın Suriya qolu olan YPG kimi etnik qruplar “kürdlərin himayəsi” adı altında solçu qruplarından təmizlənməlidir. Çünki Suriyanın dövlət olması üçün unitarlığı, ərazilərinin qorunması önəmlidir. Həmçinin, məhz həmin bölgələrdə ölkənin zəngin neft yataqları var. Eyni zamanda, həmin ərazilər əkinçilik, kənd təsərrüfatı sahəsi üçün çox önəmlidir. Ümumilikdə, bu barədə müsbət irəliləyişlər var. Amma fevralın 25-i bir neqativ məsələ də o oldu ki, bütün qrupların toplantısına türkmən cəmiyyətinin nümayəndələri dəvət almadı. Bu, türkmənlərin haqlı olaraq narazılığına səbəb oldu. Artıq bununla bağlı rəsmi bəyanatlar var. Heç şübhəsiz onların Hələbdə, Dəməşqdə haqları göz ardı edilə bilməz. Çünki bu torpaqlar birbaşa türk tarixi ilə əlaqəlidir”.

Mövzuya görə xəbərlər