Azərbaycan Türkiyə Türkiyə xarici işlər nazirliyi Xocalı Xocalı Soyqırımı

Ermənistanın Xocalıda törətdiyi qətliamı pisləyirik - Türkiyə XİN

Bakı,TurkicWorld

26 Fevral 1992-ci ildə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində masum vətəndaşlara qarşı həyata keçirilən soyqırımı qətiyyətlə pisləyirik.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Xocalı Soyqrımı ilə bəyənat yayıb.

"Xocalıda qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlıların acısı hələ də qəlbimizdədir. Xocalı Soyqırımında həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk",- deyə bəyənatda qeyd olunub.

Qeyd edək ki, 1992-ci ilin 25-dən 26-na keçən gecə, Azərbaycan tarixində silinməz bir faciə yaşandı. Qarabağın Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldı. Bu hücum nəticəsində dinc əhali – qadınlar, uşaqlar, yaşlılar amansızcasına qətlə yetirildi. Xocalı Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayət kimi tarixə düşdü.

Xocalının strateji mövqeyi erməni silahlı qüvvələrinin şəhərə olan hücumunu daha da amansız etdi. Soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Minlərlə insan yaralandı, yüzlərlə ailə evsiz qaldı, 1275 nəfər girov götürüldü və çoxları itkin düşdü.

Bu qanlı gecənin izləri illər keçməsinə baxmayaraq Azərbaycan xalqının yaddaşında hələ də təzədir. Xocalı faciəsi təkcə Azərbaycan üçün deyil, insanlıq üçün böyük bir dərsdir. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı, günahkarlar ədalət qarşısında cavab verməlidir.

Hər il 26 fevralda Azərbaycan xalqı Xocalı şəhidlərini dərin ehtiramla yad edir. Bu, həm bir matəm günü, həm də ədalət axtarışının təcəssümüdür. Xocalının harayı dünyaya səslənir: "Unutma, unutdurma!"

Mövzuya görə xəbərlər