Bakı, TurkicWorld
Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edilərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin yaradılması və sülh prosesinin irəlilədilməsi ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.
Qeyd edilib ki, ali səviyyədə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin hüquqi əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması üzrə müvafiq təmaslar davam etdirilib, normallaşma gündəliyi üzrə əhəmiyyətli irəliləyişə nail olunub.
"Azərbaycan Respublikasının xarici siyasətində ötən illərdə olduğu kimi qonşu dövlətlər ilə münasibətlərə xüsusi diqqət ayrılıb. 2024-cü ildə Türkiyə, Rusiya, Gürcüstan və İrana ali və yüksək səviyyədə səfərlər baş tutub. İl ərzində mövcud ikitərəfli və digər əməkdaşlıq formatları çərçivəsində görüşlərin keçirilməsi ölkəmizin regional əməkdaşlığa xüsusi əhəmiyyət verdiyinin göstəricisi olub.
Mövcud çağırışlara qarşı mübarizənin aparılması, eləcə də təhlükəsizliyin, sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə cari ilin 3 iyul tarixində Astanada Azərbaycan və Türkiyə Prezidentləri və Pakistan Baş naziri arasında üçtərəfli görüş, 15 mart tarixində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü, 18 oktyabr tarixində İstanbul şəhərində 3+3 regional əməkdaşlıq platformasının xarici işlər nazirlərinin iclası keçirilib", - deyə bildirilib.