Bakı, TurkicWorld
Dünən ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, Donald Tramp yenidən, 47-ci prezidenti seçildi. Bu seçkidə Demokratlar Partiyasının namizədi Kamala Harris üzərində qazandığı əhəmiyyətli üstünlük, əslində, bir çoxları üçün gözlənilməz oldu. Bir çoxlarının Trampın qalib gələcəyinə inanmamasına baxmayaraq, nəticə onun xeyrinə oldu.
Donald Tramp artıq 2020-ci il prezident seçkilərində də ciddi bir dəstək toplamış, lakin o dövrdə demokrat namizəd Co Bayden qalib elan olunmuşdu. Tramp o vaxt bu nəticələri saxtakarlıq adlandırmış, seçkilərdə qanun pozuntularının olduğunu iddia etmişdi. Ancaq ABŞ-nin müxtəlif instansiyaları, o cümlədən Ali Məhkəmə, bu iddiaları təsdiqləmək üçün kifayət qədər dəlil tapmamış və saxtakarlıq iddialarını rədd etmişdi. Bu dəfə isə Respublikaçılar Partiyası hazırlığını daha da artıraraq əsas ştatlarda xüsusi komissiyalar təşkil etdi, səsvermə və səslərin sayılması prosesini diqqətlə izlədilər.
ABŞ-nin gələcək siyasi xəttini proqnozlaşdırmaq üçün əvvəlcə ölkənin 47-ci prezidentinin psixoloji portretini dərindən araşdırmaq vacibdir. Donald Tramp biznesmen olaraq, ABŞ-nin həm daxili, həm də xarici siyasətindəki hər bir məsələni kommersiya baxışından qiymətləndirir. Onun seçkiqabağı kampaniyasında bu baxış açıq şəkildə hiss olunurdu. Bizim diqqət mərkəzimizdə isə daha çox xarici siyasət durur, buna görə də Trampın bu sahədə planlarına diqqət yetirək.
Tramp ABŞ-nin son yüz il ərzində formalaşmış ənənəvi xarici siyasətini dəyişmək niyyətindədir. O hesab edir ki, Avropanın təhlükəsizliyinin maliyyələşdirilməsi ABŞ üçün yersiz bir yükdür və bu yük daha çox Avropa ölkələri arasında bölüşdürülməlidir. Bu yanaşma ABŞ-ın Avropa ilə münasibətlərində ciddi dəyişikliklərə yol aça bilər. Eyni zamanda, Trampın daxili istehsalı dəstəkləmək, sərmayələri ölkə daxilinə cəlb etmək və idxal olunan məhsullara gömrük rüsumlarını artırmaq istiqamətində siyasətini davam etdirəcəyi gözlənilir. Bu addım onun həm Avropa, həm də Çinlə münasibətlərinə təsir göstərəcək.
Trampın xarakterinin önəmli bir cəhəti də verdiyi vədlərə sadiq qalmasıdır. Bu isə ABŞ-nin ənənəvi hərbi güc yolu ilə geosiyasi məqsədlərə çatmaq strategiyasından kənara çıxacağı anlamına gəlir. Bu yanaşma onun İsrail ilə münasibətlərində də əksini tapa bilər; Tramp İsrailə tam azadlıq verərək, onu İran və Fələstin məsələlərində ABŞ-ın iştirakı olmadan müstəqil hərəkət etməyə təşviq edə bilər.
ABŞ-Azərbaycan münasibətlərinin perspektivinə gəldikdə isə, hazırkı vəziyyətə nəzər yetirdikdə, regional balansın Azərbaycanın xeyrinə dəyişdiyini görmək mümkündür. Gürcüstan, daha sonra isə ABŞ-də baş verən siyasi proseslər bu dəyişikliklərin göstəricisidir. Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyəti düzgün qiymətləndirməlidir, əks halda Zəngəzur dəhlizinin açılması məsələsi artıq Ermənistan rəhbərliyinin nəzarətindən çıxacaq. Tramp üçün Ermənistanın geosiyasi baxımdan əhəmiyyəti yoxdur, bu isə Azərbaycanın manevr imkanlarını genişləndirir. Azərbaycan ABŞ ilə hər zaman dialoqa hazır olub və konkret təkliflər irəli sürə bilib. Paşinyan isə təcili olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar qəbul etməlidir.
Ukrayna məsələsinə gəlincə, Trampın bu konflikti "dondurmaq" istiqamətində addımlar atacağı ehtimal olunur. Tərəflərin mövcud mövqelərində dayanacağı, lakin hər hansı bir yekun razılığın uzun illər ərzində müzakirə ediləcəyi gözlənilir. Bu yanaşma Rusiyaya da əlverişli olacaq, çünki davamlı hərbi əməliyyatlar həm insan itkiləri, həm də qeyri-müəyyənliklər səbəbindən ölkəyə böyük çətinliklər yaradır. Bundan əlavə, Trampla münasibətlərini daha da gücləndirmək üçün Rusiya münaqişənin həllində güzəştə getməyə hazır ola bilər. Digər tərəfdən, ABŞ-dən hərbi dəstək almadan Ukraynanın ərazi bütövlüyünü bərpa etmək səyləri daha az perspektivli görünür.
Trampın qələbəsi, həmçinin, dünya miqyasında münaqişələrin idarə olunmasında yeni yanaşmaların tətbiqini tələb edir. O, seçki nəticələri açıqlanan kimi dünyada münaqişələri dayandırmağı vəd edərək, "Mən müharibə başlatmaq istəmirəm, mən müharibələri dayandırmaq istəyirəm", dedi. Cənubi Qafqaz regionu üçün bu, xüsusilə əhəmiyyətlidir. Analitiklər proqnozlaşdırırlar ki, Trampın prezidentliyi dövründə Gürcüstanda "ikinci cəbhə" məsələsi gündəmdən çıxacaq və Ukraynada döyüşlərin "dondurulması" istiqamətində addımlar atıla bilər.
Bundan başqa, Ermənistanın revanşist qüvvələrinin yeni ABŞ administrasiyasından hər hansı dəstək alma ehtimalı olduqca zəifdir. Ermənistanda revanşist müharibə xətti tutan və əsasən Fransa və Hindistanın dəstəyinə arxalanan qüvvələr üçün gələcəkdə ciddi maneələr yaranacaq. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsi üçün daha geniş imkanlar açılır.
ABŞ-nin bu seçkiləri göstərdi ki, amerikalılar, Trampın ritorikasında olduğu kimi, artıq demokratların təqdim etdiyi liberallaşma və qlobal müdaxilələrdən "yorulublar". Amerikalı iş adamları və maliyyə elitası da bu dəyişikliyi hiss edərək ABŞ-ın milli maraqlarına zidd olan bəzi prosesləri ləngitmək qərarına gəliblər. Bayden administrasiyasının müharibə və münaqişələri qızışdırma siyasətinin nəticələri, artıq "idarə olunan xaos"un idarəolunmaz vəziyyətə gəlməsinə gətirib çıxarmışdır.
Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsi müasir sağçılığın yüksəlişinin qlobal təzahürüdür. Bu tendensiyanı yalnız fərdi siyasətçilərin xarakteristikasına bağlamaq doğru olmaz; çünki bu dalğa Trampın ABŞ-dəki yüksəlişindən Bolsonaronun Braziliyadakı hakimiyyətinə və Modinin Hindistandakı siyasətinə qədər uzanır. Onların çoxunda, həmçinin Avropada müxtəlif sağ yönümlü hərəkatlarda da rast gəlinən bəzi ortaq cizgilər mövcuddur. Lakin Tramp bu cərəyanın dəyərlərini ən dolğun şəkildə təcəssüm etdirən fiqur olaraq qəbul edilir.
Tramp və müasir sağ qüvvələr iqtisadiyyatda bazarın sərbəstliyini müdafiə edir. Onlar böyük korporasiyaların vergilərdən azad olmasını və dövlət tənzimləmələrinin minimuma endirilməsini dəstəkləyirlər. Bu yanaşma iqtisadi artıma səbəb olsa da, eyni zamanda sosial bərabərsizliyi gücləndirir. Bu, xüsusilə ənənəvi enerji sahələrində özünü göstərir; çünki Tramp bu sektora tətbiq edilən tənzimləmələrin azaldılmasını dəstəkləyir. ABŞ-nin hərbi-sənaye kompleksi və bir sıra nəhəng korporasiyalar da Trampın bu siyasətini dəstəkləyənlər sırasındadır. İlon Mask kimi simaların isə onun yeni administrasiyasında mühüm rol oynayacağı ehtimal edilir.
Trampın təklif etdiyi vergi endirimləri və sərbəstləşmə tədbirləri ABŞ-nin ümumi daxili məhsulunu artırmağa yönəldilsə də, bu tədbirlər adi amerikalıların rifahında ciddi bir dəyişiklik yaratmaya bilər. Əksinə, belə bir iqtisadi mühitdə çalışan işçilərin məşğulluğu daha qeyri-sabit olur, çünki dövlət müəssisələrin əmək münasibətlərində sərbəstliyini müdafiə edir və sosial dəstəkləri azaldır. Eyni zamanda, əhalinin zəngin təbəqələrinin varidatı artır, dövlət isə tibbi xidmət və təhsil kimi sosial proqramlara ayırdığı vəsaiti azaltmaq meyli göstərir.
Müasir sağ ideologiyaların digər önəmli cəhəti isə miqrasiyaya qarşı sərt siyasətdir. Tramp ABŞ-da qeyri-qanuni miqrasiya məsələsinə qarşı qətiyyətlə mübarizə aparmaq niyyətindədir. Bu siyasət xüsusən yerli amerikalılar arasında geniş dəstəyə malikdir; çünki onların fikrincə, miqrant axını iş yerlərinə və sosial təhlükəsizliyə təhdid yaradır. ABŞ-də təxminən 13 milyon qeyri-qanuni miqrantın varlığı qeyd olunur və onların deportasiyası ciddi polisləşmə tədbirləri tələb edəcəkdir.
Bu vəziyyətdə dövlətin daha sərt polisləşmə tədbirləri tətbiq edərək iqtisadi kursu dəstəkləmək və mümkün sosial narazılıqların qarşısını almaq üçün müvafiq tədbirlər görəcəyi ehtimal edilir. ABŞ tarixində buna bənzər hadisələr müşahidə olunub; XX əsrin əvvəlində müxtəlif işçi təşkilatları dövlətin repressiv tədbirləri ilə üzləşmişdi.
Trampın iqtisadi siyasətində proteksionizm mühüm yer tutur. ABŞ-nin daxili bazarını qorumaq üçün müəyyən məhsulların idxalına 10 faizdən yüksək rüsumlar tətbiq etmək planlaşdırılır. Xüsusilə Çin mənşəli məhsullara qarşı 60 faiz rüsum tətbiq etməklə Tramp ölkənin istehsal sektorunu dəstəkləmək və yeni iş yerləri yaratmaq istəyir. Bununla o, "Amerikanı yenidən böyük etmək" şüarını dirçəltmək niyyətindədir. Trampın iqtisadi siyasəti ABŞ-nin 1950-ci illərdəki çiçəklənmə dövrünü təkrarlamağa cəhd edir.
Çinə qarşı bu sərt mövqe yalnız iqtisadi müstəvidə deyil, həm də geosiyasi sahədə özünü göstərir. ABŞ, xüsusilə də Trampın rəhbərliyi altında, Çinin iqtisadi gücünün artmasından narahatdır. Çinin iqtisadi yüksəlişi ilə yanaşı hərbi gücünü artırması Vaşinqtonda narahatlıq doğurur. Bu baxımdan Trampın administrasiyası Tayvanın müdafiəsinə və Çinin gücünü məhdudlaşdırmağa üstünlük verəcək.
Trampın xarici siyasətində İsraillə sıx əməkdaşlıq və İran əleyhinə mövqe əsas yer tutur. İranın nüvə silahına nail olması ehtimalı Trampın administrasiyasını bu ölkəyə qarşı hərbi tədbirlərə əl atmağa sövq edə bilər. Eyni zamanda, Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müəyyən simpatiya ilə yanaşır və bu da ABŞ-Türkiyə əlaqələrinin inkişafına təsir göstərə bilər.
Tramp administrasiyası dövlət aparatında əsaslı kadr dəyişiklikləri həyata keçirmək niyyətindədir. "Layihə – 2025" adı ilə tanınan islahat planı çərçivəsində dövlət orqanlarında 50 minə yaxın yeni təyinat həyata keçirilməsi gözlənilir. Bu təyinatlar Trampın strategiyasının bir hissəsi olaraq prezidentin səlahiyyətlərini gücləndirmək və dövlət aparatında daha çox nəzarət əldə etmək üçün nəzərdə tutulub. Trampın məqsədi dövlətin idarəetmə modelini dəyişdirərək prezidentin hakimiyyətini artırmaqdır.
Bu addımlar ABŞ-nin idarəetmə sistemində tarixi dəyişikliklərə səbəb ola bilər və bəzi tənqidçilərin fikrincə, ABŞ-ni avtoritar bir dövlətə çevirmək potensialına malikdir. Bununla yanaşı, ölkədəki müxtəlif müxalif qüvvələr, o cümlədən liberal idarəetmələr, bu cür dəyişikliklərə qarşı müqavimət göstərməyə hazırdır.
Trampın prezidentlik uğuru bir çox səbəblərlə əlaqədardır, o cümlədən Bayden administrasiyasının iqtisadi siyasətindən narazılıq və cəmiyyətin solçuluğa olan məyusluğu. Amerika cəmiyyəti, xüsusilə aşağı təbəqə, inflyasiya və qiymət artımları ilə qarşılaşarkən, sosial-mədəni eksperimentlərə daha az maraq göstərir və sağçı qüvvələri dəstəkləməyə üstünlük verir. Beləliklə, Trampın qələbəsi təkcə ABŞ-də deyil, həm də qlobal miqyasda sağ dalğanın güclənməsinə bir nümunədir.
Beləliklə, Tramp yanvar ayında öz prezident səlahiyyətlərini icra etməyə başladıqdan sonra ABŞ-nin yeni bir dövrə qədəm qoyacağı ehtimal edilir. Bu dövrün əsas meyarı isə Amerika maraqlarının praqmatik çərçivədə qorunması olacaq.