Son dəqiqə

Telman Nüsrətoğlu

Türk Dövlətləri Təşkilatı, qlobal geosiyasi və iqtisadi müstəvidə əhəmiyyətini daha da artırıb- Telman Nüsrətoğlu

Bakı,TurkicWorld / Nailə Babazadə

Türk Dövlətləri Təşkilatı (TDT), son illərdə qlobal geosiyasi və iqtisadi müstəvidə əhəmiyyətini daha da artırıb.

Bu sözləri TurkicWorld-ə açıqlamasında, tarix elmləri doktoru, Xəzər Üniversitetinin dosenti Telman Nüsrətoğlu deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın strateji güclənməsi dayanır.

“Türk Dövlətləri Təşkilatı (TDT), son illərdə qlobal geosiyasi və iqtisadi müstəvidə əhəmiyyətini daha da artırıb. Bu inkişafın mərkəzində, xüsusilə Azərbaycanın strateji mövqeyinin güclənməsi dayanır. Azərbaycanın son dövrlərdəki Qarabağ zəfəri ilə hərbi və siyasi təsirini artırması, ölkəni yalnız regionda deyil, həm də qlobal arenada mühüm bir oyunçuya çevirmişdir.

Türk Dövlətləri Təşkilatının qarşıdakı dövr üçün əsas məqsədlərindən biri, qlobal məsələlərdə daha sıx əməkdaşlıq edərək, digital dönüşüm, iqlim dəyişikliyi, nəqliyyat şəbəkələrinin asanlaşdırılması və təhlükəsizlik məsələlərində birgə addımlar atmaqdır. Bu, sadəcə Türk dünyası daxilində əlaqələri gücləndirmək deyil, həm də Asiya, Avropa və digər qlobal tərəfdaşlarla əlaqələri inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.”- deyə Nüsrətoğlu vurğulayıb.

O Türk Dövlətləri Təşkilatı daxilində Azərbaycanın artan rolu və mövqeyi haqqında fikirlərini bölüşüb.

“Azərbaycan, coğrafi və siyasi mövqeyi ilə Türk dünyası üçün mühüm körpü funksiyası yerinə yetirir. Ölkə, həm Türkiyə, həm də Orta Asiya ilə əlaqələrini dərinləşdirərək, İpək Yolu üzərindəki strateji mövqeyini daha da möhkəmləndirir. Bu da Azərbaycanın regional və qlobal ticarət yollarındakı söz sahibliyini təmin edir.

Türk Dövlətləri Təşkilatının müxtəlif toplantılarında Azərbaycan mütəmadi olaraq iştirak edir və Orta Asiya ilə əlaqələrini daha da inkişaf etdirir. Azərbaycanın bu əməkdaşlığı, yalnız iqtisadi deyil, həm də hərbi və təhlükəsizlik sahələrində də mühüm bir rol oynayır. Azərbaycan, həmçinin, Asiya mərkəzli təşkilatlar olan Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS kimi platformalarda fəal iştirak edir və beynəlxalq aləmdəki təsirini artırır.

Son dövrlərdə Azərbaycan, Orta Asiya və Türkiyədəki Türk dövlətləri ilə mütəmadi istişarələr aparır, bu da regionda daxili sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək edir. Azərbaycan Prezidentinin ADA Universitetindəki son çıxışı da Türk dünyasının gələcək inkişafı və təhlükəsizliyi üçün birgə addımların vacibliyini bir daha vurğulayıb.

Azərbaycanın bu inkişaf edən mövqeyi, Türk dünyasının strateji gücünü artırmağa davam edəcək. Ölkə, həm regiondakı əlaqələrini gücləndirərək, həm də beynəlxalq aləmdəki təsirini artıraraq gələcəkdə daha mühüm bir rol oynayacağı gözlənilir.”- deyə Nüsrətoğlu qeyd edib.

Mövzuya görə xəbərlər