Bakı. TurkicWorld:
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinin açılışında çıxış edərək revanşist duyğularla yaşayan, “sülhpərvər” mesajları ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışan, eyni zamanda, silahlanmağa davam edən, sərhədlərimiz boyu təxribatlar törədən Ermənistana və onun himayədarlarına bir sıra önəmli və açıq mesajlar verib.
TurkicWorld xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlu söyləyib.
Onun sözlərinə görə, Azərbaycan hərbi arsenalını gücləndirməklə yanaşı, 44 günlük müharibədə şücaətlər göstərmiş xüsusi təyinatlı birliklərin dağ-komando tağımlarının sayını da artırmaqdadır. Azərbaycanın yeni PUA-lar və uzaqmənzilli raketlər alacağı ilə bağlı məlumatların Prezidentin dilindən səsləndirilməsi çətin regional və qlobal proseslərin getdiyi, qeyri-müəyyənliklərin artdığı bir dünya reallığında ölkəmizin və Cənubi Qafqazın təhlükəsizliyi baxımından çox önəmlidir. Eyni zamanda, ölkəmiz haqqında neqativ düşüncəsi olan hər bir dövlətin rəhbəri bu çıxışa diqqətlə qulaq asmalı və müəyyən dərslər almalıdırlar. Azərbaycan öz hərbi sistemini gücləndirmək üçün sadəcə, hərbi arsenalını zənginləşdirmir, həmçinin 44 günlük müharibə, ardınca lokal əməliyyatlar və Türkiyə ilə birlikdə həyata keçirdiyi təlimlərlə təcrübə və şücaəti birləşdirir. Azərbaycan Ordusu Türk savaş əxlaqına bağlı olaraq nöqtə əməliyyatları ilə mülkü əhalidən heç kimsənin zərər görməməsinə çalışdı, müharibəni insani duyğularla, mərdcəsinə apardı. Düşmən isə dünyada yasaqlanmış “İsgəndər” raketləri ilə savaşdan kilometrlərcə uzaqda olan Gəncə və Bərdə kimi bir sıra şəhərləri hədəf aldı, dini ziyarətgahlar da daxil olmaqla bir çox tarixi abidələrimizi dağıtdı.
“Ermənistanın baş nazirinin ölkəmizin ərazi bütövlüyünü tanıdığını elan etməsi, “Qarabağ Ermənistandır” uydurmasından “Qarabağ Azərbaycandır!” gerçəyinə dönüşməsi gücümüzün və uğurumuzun dəlilidir. Bu addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasında ilk və önəmli addımlardan biridir. Prezidentin də vurğuladığı kimi, artıq Qarabağın hər hansı bir statusundan söz getmir və dünya ictimaiyyəti Qarabağı Azərbaycanın ayrılmaz bir parçası kimi tanıyır”, - deyə Telman Nüsrətoğlu qeyd edib.