Bakı. TurkicWorld:
Avropa İttifaqının Ermənistandakı missiyası Bakı və İrəvan arasındakı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun iddialarına dair şərhində bildirilib.
“Azərbaycanın razılığı ilə yaradılmış missiyanın mandatının heç bir əsas olmadan genişləndirilərək, onun guya bölgədə sülh və Azərbaycanla-Ermənistan arasında normallaşma prosesinə dəstək rolunun olması fikirləri bu missiyadan necə sui-istifadə edildiyini göstərir.
Anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz”, - deyə A.Hacızadə bildirib.
Onun sözlərinə görə, Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiya fəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib.