Bakı, TurkicWorld
Cari ilin Dayanıqlı İnkişaf Hesabatında Azərbaycan dünya ölkələrinin üçdə ikisindən irəlidədir.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş qərargahında təşkil olunan "Gələcəyin Sammiti"ndə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinin (DİM) həyata keçirilməsinin bütün aspektlərini əhatə edən on milyardlarla ABŞ dolları dəyərində genişmiqyaslı yenidənqurma və bərpa səylərinə başlayıb.
"Ərazilərimizin işğaldan azad edilməsi DİM-lərə nail olunması baxımından da yeni səhifə açıb. Bundan əlavə, Azərbaycan DİM18 - mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyət üzrə milli məqsədi təqdim edib. Təcili humanitar ehtiyacların qarşılanması, yaşayış vasitələrinin əlçaranlığının təmin olunmasında minalardan təmizlənmənin həlledici olduğunu nəzərə alaraq, daha böyük beynəlxalq dəstəyə və həmrəyliyə çağırırıq.
Biz həmçinin Cənubi Qafqazda regionunda 2030 Gündəliyi üzrə dörd Könüllü Milli Hesabat təqdim edən ilk ölkə olmaqla, bu baxımdan bütün dünyada azsaylı ölkələr sırasındayıq. 2024-cü il Dayanıqlı İnkişaf Hesabatında Azərbaycan dünya ölkələrinin üçdə ikisindən irəlidədir",- deyə C.Bayramov bildirib.