Bakı, TurkicWorld
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aydın Əbilovun, 22 saylı Nəsimi-Yasamal seçki Dairəsindən qeydə alınan namizəd Cahandar İsmayılovun (Bayoğlu), 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən namizəd Sərdar İsmayılovun və 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciətlərinə baxılıb.
TurkicWorld xəbər verir ki, MSK 3 namizədin müraciətini təmin etməyib, DSK-ların qərarları qüvvədə saxlanılıb.
21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciəti üzrə isə bir məntəqədə - 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayılıb. Bu məntəqə xaric, DSK-nın qərarı qüvvədə saxlanılıb.
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən qeydə alınan namizəd Şəhriyar Məcidzadənin müraciəti ilə əlaqədar 3, 4, 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb. Bu 3 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.