Bakı. TurkicWorld
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda azı 51 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində onlarla insanın həlak olması xəbərindən sarsılmışıq, terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Azərbaycan qardaş Pakistan İslam Respublikası ilə həmrəydir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Pakistanın cənub-qərbində silahlı şəxslər onlarla şəxsi maşınlardan endirərək, etnik mənsubiyyətlərini yoxladıqdan sonra öldürüb. Pəncabı Bəlucistanla birləşdirən magistral yolda silahlı şəxslərin bir neçə avtobus, yük maşını və mikroavtobusu saxlaması nəticəsində azı 51 nəfər ölüb.