Bakı, TurkicWorld
Biz dünya ictimaiyyətinin dəstəyindən və anlayışından asılıyıq.
TurkicWorld -in cümə axşamı verdiyi məlumata görə, bu barədə Bonaire adasında keçirilən beynəlxalq konfrans zamanı Bonaire Hüquq Müdafiə Təşkilatının prezidenti Davika Bisesar bildirib.
"Bu gün biz yalnız Bonaire sakinləri üçün deyil, həm də insan hüquqlarının əsas prinsiplərini qoruyan hər kəs üçün tarixi bir an üçün bir araya gəlmişik", - deyə o bildirib.
Davika Bisesar qeyd edib ki, Bonaire zəngin mədəni irsə malik kiçik bir adadır, lakin dünyanın bir çox digər icmaları kimi, xalqın əzmini və məqsədini sınağa çəkən problemlərlə üzləşir.
"Xalqımızın hüquqları, öz müqəddəratını təyinetmə hüququ, mədəniyyətimizin, özünəməxsusluğumuzun qorunması və etik inkişaf hüququ bizim missiyamızın əsas tərkib hissələridir. Lakin bu hüquqlar təcriddə tam reallaşa bilməz. Biz dünya birliyinin dəstəyindən və anlayışından asılıyıq ki, səslərimizi gücləndirək və ədalətin yalnız bir ideal deyil, hər kəs üçün bir reallıq olmasını təmin edək", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Niderlandın müstəmləkə hakimiyyəti altında olan Bonaire adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir. Tədbirin təşkilatçıları Bakı Təşəbbüs Qrupu (BTQ) və Bonaire adasında insan hüquqları və dəyişikliklər uğrunda hərəkatdır.
"Bonaire adasının BMT Baş Assambleyasında Bakı Təşəbbüs Qrupu vasitəsilə öz müqəddəratını təyinetmə yolu" adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azadlığa can atan Bonaire xalqının nümayəndələri, eləcə də Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent-Lusiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatların rəsmi şəxsləri və nümayəndələri iştirak edirlər. Bundan əlavə, konfransda hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya sahəsində ekspertlər və tədqiqatçılar iştirak edirlər.