Bakı, TurkicWorld
Bu gün Bakıda neokolonializmlə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilir.
TurkicWorld -in məlumatına görə, bu gün Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Bonaire adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Tədbir Bakı Təşəbbüs Qrupu (BIG) və Bonaire adasındakı İnsan Hüquqları və Dəyişiklik Hərəkatı tərəfindən təşkil olunur.
"BMT Baş Assambleyasında Bakı Təşəbbüs Qrupu vasitəsilə Boneyra adasının öz müqəddəratını təyin etmə yolu" adlı konfransda müstəmləkəçiliklə mübarizə aparan və azadlığa can atan Bonaire xalqının nümayəndələri, həmçinin, Beliz, Sent Vinsent, Qrenadinlər, Surinam, Sent-Lusiya, Böyük Britaniya, Meksika, Niderland, BMT-nin rəsmiləri və nümayəndələri bir araya gələcək.
Bundan əlavə, konfransda hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, müstəmləkəsizləşdirmə sahəsində ekspertlər və tədqiqatçılar iştirak edəcəklər.
Konfransda Bonaire əhalisinin müstəmləkəçilikdən qurtulmaq uğrunda apardığı mübarizə, o cümlədən, bu məsələnin müvafiq beynəlxalq təşkilatların gündəminə çıxarılması istiqamətində görülən işlər və bunun üçün beynəlxalq hüquqi imkanlar müzakirə olunacaq.
Tədbir Bonaire xalqının tarixində mühüm hadisə ərəfəsində baş tutacaq. Konfransdan bir neçə həftə sonra bir sıra dövlətlərin BMT Baş Assambleyasına Bonaire adasının yenidən dekolonizasiyaya məruz qalan ərazilər siyahısına daxil edilməsi ilə bağlı qətnamə layihəsi təqdim edəcəyi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də bu qətnaməyə beynəlxalq dəstək qazanmaqdır.