Bakı. TurkicWorld:
Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.
TurkicWorld xəbər verir ki, bu barədə bu gün Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
"Moskva Ermənistan-Azərbaycan prosesinin normallaşmasının irəliləməsinə yardımı davam etdirməyə hazırdır. Bu məsələlər həmçinin, Putin və Paşinyanın bugünkü danışıqlarının gündəliyindədir", - o deyib.
Qeyd edək ki, daha öncə əldə olunmuş razılaşmalara əsasən, 2024-cü il mayıən 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar aparılacaq.
Xatırladaq ki, aprelin 30-da Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov Bakı və İrəvanın Almatıda danışıqlarda öz iştirakını təsdiqlədiyini demişdi.
Daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar keçirmək üçün meydança təklif edib.
"Azərbaycan Respublikası və Ermənistan Respublikasının Qazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh sazişinin hazırlanması üzrə xarici işlər nazirlərinin danışıqlar keçirmək barədə razılaşmasını alqışlayıram. Bu mühüm tədbirin 1991-ci ilin dekabr ayında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını möhkəmləndirən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiqləyən tarixi Alma-Ata bəyannaməsinin imzalandığı Almatıda keçirilməsi simvolikdir. İnanıram ki, qarşıdakı görüş Azərbaycan-Ermənistan razılaşmalarının praktikada reallaşdırılacağına xidmət edəcək və Cənubi Qafqazda tezliklə möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına imkan yaradacaq", - Tokayevin bəyanatında deyilir.