Bakı. TurkicWorld:
Naxçıvanda auditlər zamanı nəzarət obyektlərində işçilərlə hesablaşmalar prosesində əməkhaqqının ödənilməsi üzrə bir sıra uyğunsuzluqlar müəyyən edilib. Belə ki, ixtisas dərəcəsinin verilməsi zamanı qanunvericiliyin tələbləri nəzərə alınmayəb, işçilərə artıq mükafat verilib, iş saatlarından əlavə saatlarda işləməyə görə səhv hesablamalar aparılıb, həmçinin, əməkhaqqı ilə bağlı tutulmalar düzgün icra edilməyib.
TurkicWorld xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da qeyd olunub.
Sözügedən nöqsanlar nəticəsində auditin əhatə etdiyi dövrdə KDMN obyektləri tərəfindən 5,6 mln. manat artıqödəmənin həyata keçirildiyi müəyyən olunub.
5 KDMN obyektində auditin əhatə etdiyi dövrdə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa riayət olunmayıb. Bundan əlavə, KDMN obyektləri tərəfindən mallar, işlər və xidmətlər təqdim edilmədən rəsmiləşdirilən əmtəəsiz əməliyyatlar 14,7 mln. manat vəsaiti əhatə edib.
Kənd təsərrüfatı sahəsində məhsul istehsalçılarına subsidiya verilməsi məqsədilə ayrılmış vəsaitin 8,5 mln. manatının qeyri-qanuni və əsassız xərclənməsi halları müəyyən edilib,
Bununla yanaşı, 94,5 mln. manat məbləğində vəsait üzrə aşağıdakı nöqsanlara yol verilib: əməliyyatlar qanunvericiliyə riayət edilmədən aparılıb, o cümlədən, pullu xidmətlərdən yığılan vəsaitlər bank hesabına ödənilməyib, vəsaitlər müqavilə şərtlərindən artıq ödənilmiş, vəsaitlər normativlərə istinad edilmədən sərf olunub, yanacaq xərcləri əsassız silinib, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparılmış, enerji itkilərinə yol verilib və s.
2023-cü ilin İş Planı əsasında başa çatdırılmış 1 audit (NMR Fövqəladə Hallar Nazirliyi) üzrə kollegiya qərarının icrasının izlənməsi məqsədilə monitorinq keçirilib, monitorinqlə izlənən 10 təklifdən 7-nin tam, 3-nün qismən icra olunduğu müəyyən edilib.
İdarə tərəfindən keçirilmiş 6 uyğunluq auditi üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Hesablama Palatasının NMR üzrə İdarəsi tərəfindən 3 audit üzrə göndərilmiş materiallar NMR-da bir sıra dövlət qurumlarının bir qrup vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi materiallarına əlavə olunmaqla ibtidai istintaq aparılıb və cinayət işləri üzrə icraat dayandırılıb. Bu auditlərdən 1-i üzrə 0,2 mln. manatın dövlət büdcəsinə bərpası təmin edilib.