Bakı, TurkicWorld
Noyabrın 7-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmini uğurunda şəhid olmuş hərbçilərimizin dəfn olunduğu II Şəhidlər Xiyabanını ziyarət edərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirələrini dərin ehtiramla yad edib məzarları üzərinə gül dəstələri qoyublar.
Bu barədə TurkicWorld-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Daha sonra Baş Prokurorluğun inzibati binasında Baş Prokurorluğun rəhbərliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyulub və "8 noyabr Zəfər günü"nə həsr olunmuş tədbir keçirilib.
Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirildikdən sonra, Baş prokuror Kamran Əliyev çıxış edib.
Prokurorluq əməkdaşlarını və xalqımızı "8 Noyabr – Zəfər Günü" münasibətilə təbrik edən Baş prokuror tariximizin şanlı səhifəsi olan bu qələbəyə aparan yolun əsasının Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, daim vətəninə bağlı olan və onun gələcəyini düşünən dahi dövlət xadimi, dünya səviyyəli siyasətçi Heydər Əliyevin ölkəmizin bu günləri üçün gördüyü işlərdən bəhs edib.
Qeyd edilib ki, Ulu öndərin layiqli davamçısı, onun prinsip və siyasi kurslarına sadiq qalan Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan daha da inkişaf etdirilib və nəticədə beynəlxalq aləmdə aparıcı mövqeyə sahib, iqtisadi və siyasi sferada sadiq və əqidəli tərəfdaş olmaqla yanaşı, eyni zamanda qüdrətli orduya sahib olan dövlət kimi nüfuz qazanıb.
Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əməliyyatlara başlayıb və "44 günlük Vətən müharibəsi" nəticəsində işğal altında olmuş torpaqlarımızın böyük hissəsi azad edilməklə yanaşı Ermənistan Respublikasının məğlub tərəf qismində Üç tərəfli bəyanatı imzalamaq məcburiyyətində qalıb.
Ermənistan Respublikasının təsiri altında ölkəmizin ərazisində erməni separatçılarının qeyri-adekvat hərəkətlər etməsi isə 23 saatlıq bir müddətdə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə nəticələnib və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tamamilə təmin edilib.
Baş prokuror artıq yeni reallığın mövcud olmasını vurğulayaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu bildirib.
Eyni zamanda Baş prokuror "44 günlük Vətən müharibəsi" və lokal xarakterli antiterror tədbirləri zamanı prokurorluq əməkdaşlarının hərbi əməliyyatların aparıldığı ərazilərdə xidməti vəzifələrini layiqincə yetirdiklərini, bəzi prokurorluq əməkdaşlarının "I Qarabağ" və "44 günülük Vətən" müharibələri zamanı bilavasitə döyüşlərdə iştirak etməsini, hətta şəhid prokurorluq əməkdaşlarının olduğunu, habelə "44 günlük Vətən" müharibəsində iştirak etmiş və yüksək savad, bilikləri ilə seçilən gənclərin prokurorluq orqanlarında qulluğa keçirilən müsabiqədə uğur qazanaraq işə qəbul olunmasını və hazırda sıralarında xidmət etmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə həmçinin, Prokurorluğun veteranı - Böyükağa Panəliyev, Vətən müharibəsi iştirakçısı – Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Coşqun Zamanlı çıxış edib.
Sonda isə "Səbrin sonu" adlı sənədli film nümayiş etdirilib.