Bakı. TurkicWorld:
Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova martın 23-də Qayana Kooperativ Respublikası Milli Assambleyasının sədri Manzur Nadir ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TurkicWorld-ə verilən məlumata görə, görüşdə Parlamentlərarası İttifaq və digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərin, o cümlədən qarşılıqlı dialoqun qanunverici orqanlar arasında əlaqələrin genişləndirilməsinə imkan yaratdığı vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova parlamentarilərin xalqlarımızı təmsil etdiyini diqqətə çatdıraraq, qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinin xalqların yaxınlaşmasına da töhfə verdiyini ifadə edib.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əlaqələrin əhəmiyyəti vurğulanıb.
Spiker Sahibə Qafarova ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər barədə qarşı tərəfə məlumat verib, bununla əlaqədar təşkilatın Parlament Şəbəkəsinin yaradılmasının parlament diplomatiyasının inkişafı baxımından önəmini diqqətə çatdırıb. Xatırladılıb ki, indiyədək Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis və iki konfransı keçirilib.
Qayana Kooperativ Respublikası Milli Assambleyasının spikeri Manzur Nadir parlamentlərarası əlaqələrin əhəmiyyəti barədə fikirlərini bildirib, həmçinin ölkəsinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə hər iki ölkənin tolerantlıq və multikultural dəyərlərə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılaraq, dünyada müşahidə olunan milli, irqi və dini ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı fikirlər səsləndirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.