Son dəqiqə

Sahibə Qafarova COP29

Azərbaycan hazırlıqlar zamanı qərəzli və əsassız ittihamlarla üzləşib - Sahibə Qafarova

Bakı, TurkicWorld

Hazırlıqlar üçün digər ölkələrlə müqayisədə daha az vaxt olmasına baxmayaraq – cəmi 11 ay – COP29 Azərbaycan Sədrliyi bütün maraqlı tərəfləri cəlb etmək, onların ehtiyaclarını dinləmək və gözləntilərini anlamaq üçün çox böyük işlər görüb.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşündə deyib.

"Amma qeyd etməliyəm ki, təəssüf ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib.

Bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da öz acınacaqlı rolunu oynayıblar.

Aydındır ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlim dəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz.

Bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla işə salınıb və bütün maraqlı tərəflərin cəlb edilməsi ilə öz işini davam etdirir", - o qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Mövzuya görə xəbərlər