Bakı, TurkicWorld
Dünyanın bütün ölkələri iqlim dəyişikliyinin təsirlərinə məruz qalır, bizim ölkəmiz də istisna deyil. Son onilliklərdə Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin daralması və daşqınlarla üzləşib.
TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşündə deyib.
S.Qafarova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev COP29-un ev sahibi seçilməzdən xeyli əvvəl iqlimlə bağlı tədbirləri öz milli planlarının mərkəzinə qoyub.
"Azərbaycan öz üzərinə könüllü öhdəliklər götürməklə, yaşıl gündəliyi milli inkişaf proqramlarına daxil etməklə, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirməklə, yaşıl enerji zonaları yaratmaqla öz gələcək yolunda aydın inam və qətiyyət nümayiş etdirdi.
Eyni zamanda, Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi həm də dünya ictimaiyyətinin Azərbaycanın körpü qurucusu kimi çıxış etmək, icmaları və ölkələri ortaq bir platformada birləşdirmək bacarığına və təcrübəsinə inamının nəticəsidir", - deyə spiker bildirib.
Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.