Paytaxtda XI Qlobal Bakı Forumu keçirilir

Paytaxtda XI Qlobal Bakı Forumu keçirilir

Bakı. TurkicWorld:

Azərbaycanın paytaxtında sabiq və hazırki liderlərin, nazirlərin və Nobel mükafatçılarının iştirakı ilə XI Qlobal Bakı Forumu keçirilir.

TurkicWorld xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu ilki forum müasir dünyamızın üzləşdiyi aktual problemlərin həll yolunu müzakirə edəcək.

Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə yarandığı gündən bəri Qlobal Bakı Forumu təsirli müzakirələrin aparılmas və konstruktiv dialoq irsinə əsaslanır. Dünyanın hər yerindən ali səviyyəli qonaqlar, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, keçmiş və cari prezidentləri və beynəlxalq təşkilatların yüksək vəzifəli şəxslərini cəlb etmək təcrübəsi ilə forum hazırki qlobal çağırışların həllində əməkdaşlıq və innovasiyalar üçün körpü rolunu oynayır.

Bu ilki forum “Parçalanmış dünyanın bərpası” mövzusu altında geosiyasət, davamlı inkişaf, texnologiya və mədəni diplomatiyanı əhatə edən çoxsaylı məsələlər ətrafında olacaq.

Əvvəlki illərdə olduğu kimi, XI Qlobal Bakı Forumu beynəlxalq dialoqu daha da zənginləşdirmək və mədəniyyətlərarası anlaşmanı gücləndirmək üçün müxtəlif sahə və perspektivlərdən çıxış edən tanınmış şəxsləri qəbul etməyə hazırdır. Forumun məqsədi qonaqların kollektiv təcrübəsi və fikirləri ilə məqsədyönlü fəaliyyətə təkan verərək “Parçalanmış dünyanın bərpası” naminə kollektiv səyə töhfə verməkdir.