Son dəqiqə

Sevil Mikayılova

Xocalıda törədilən vəhşilikləri təsvir etmək mümkün deyil - Sevil Mikayılova

Bakı. TurkicWorld:

Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət, soyqırımı əməlidir.

Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Xocalı soyqırımı dünya tarixində ən amansız cinayətdir:

"Bu soyqırımı Ermənistan silahlı qüvvələri tərəfindən planlı şəkildə hazırlanıb. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyilə Xocalı əhalisinə qarşı bəşəriyyətin ən ağır cinayətlərindən birini törətdi.

Xocalı soyqırımı zamanı şəhərin 5 379 nəfər əhalisi kütləvi hücuma məruz qaldı, 1 275 insan əsir və girov götürülərək onlara işgəncələr verildi. Onlardan 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi, 613 nəfər, o cümlədən, 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü".

Deputat vurğulayıb ki, Xocalıda törədilən vəhşilikləri təsvir etmək mümkün deyil.

"Ermənilər azərbaycanlıları qətlə yetirməklə kifayətlənməyərək, meyitlər üzərində təhqiramiz hərəkətlər ediblər, insanları öldürdükdən sonra müxtəlif orqanlarını kəsiblər. Bütün bunlar insanlığa sığmayan cinayətdir.

Ermənilərin qatı millətçi mahiyyəti, başqa ölkələrin torpaqlarına iddiaları, "böyük Ermənistan" xülyaları onları bu cür ağılasığmaz qəddarlıqlar törətməyə sövq edib.

Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində görülən ən mühüm tədbirlərdən biri də "Xocalıya ədalət" kampaniyasıdır. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.

Məhz bu kampaniya çərçivəsində Xocalı soyqırımı barədə həqiqətlər dünyaya tanıdılıb, çoxsaylı ölkələrdə geniş tədbirlər keçirilib.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-nin 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb".

S.Mikayılova bildirib ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı və azərbaycanlılara qarşı törədilmiş cinayətlərin qisasını döyüş meydanında aldı.

Bütün bunlara baxmayaraq, bu cür erməni vəhşiliyini unutmaq mümkün deyil. Xocalı soyqırımının tanıdılması istiqamətində tədbirlər bundan sonra da genişləndirilməlidir. Erməni cinayətkarlarının Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri, qəddarıqları, onların əsl milliyyyətçi və faşist mahiyyətini daha geniş formada dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq".

Mövzuya görə xəbərlər