Son dəqiqə

Sevil Mikayılova

Azərbaycan Türkiyə birliyi bu gün həm regionda, həm də dünyada sülhü təşviq edir - Sevil Mikayılova

Bakı. TurkicWorld:

Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini növbəti dəfə sərgilədi.

Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Prezident İlham Əliyevin Türkiyə səfəri həm də rəmzi məna daşıyır. Prezident seçildikdən sonra İlham Əliyev Türkiyəyə səfər etməklə Azərbaycan–Türkiyə qardaşlığının bundan sonrakı inkişaf strategiyasında prioritet məsələ olduğunu bütün dünyaya göstərmiş oldu.

"İki qardaş ölkə arasında münasibətlər "Bir millət, iki dövlət" şüarı əsasında uğurla irəliləyir. Azərbaycan Türkiyə birliyi bu gün həm regionda, həm də dünyada sülhü təşviq edir, qlobal problemlərin həllinə töhfə verməyə çalışır. İki qardaş ölkə bütün məsələlərdə hər zaman bir-birinin yanında olduğunu sərgiləyib. Bu gün Türkiyə-Azərbaycan münasibətləri bütün dünya üçün bir örnəkdir", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova onu da əlavə edib ki, iki qardaş ölkə arasında əlaqələr hərtərəfli inkişaf edir . Ticarət dövriyyəsi artıq 7,5 milyard dollara çatıb.

"Bu göstərici bir neçə il əvvəl üçün fantastik hesab oluna bilərdi, amma artıq realdır. Azərbaycan və Türkiyə qarşıya qoyduqları hədəflərə doğru inamla irəliləyir. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəmində duran başlıca amillərdəndir. Həm Azərbaycan, həm də Türkiyə bu iki məsələdə qlobal arenada vacib aktorlardan hesab olunur. Ötən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Qeyd edək ki, Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri enerji təhlükəsizliyi üçün çox önəmlidir", - deyə S.Mikayılova qeyd edib.

S.Mikayılova onu da vurğulayıb ki, iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biri də hərbi sahədir.

"Azərbaycan-Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimlər iki ölkə ordularının tam formalaşmasına imkan verib. Görülən işlər sayəsində artıq Azərbaycan Ordusunda Türkiyə modeli yaradılıb. Bunu İkinci Qarabağ müharibəsi və ötən il baş tutan lokal anti-terror tədbirlərində də gördük.

Digər tərəfdən iki ölkə arasında müdafiə sənayesi üzrə də əməkdaşlıq genişlənir, bu istiqamətdə də ciddi addımlar atılır. Birgə istehsalla əlaqədar konkret planlar hazırlanır", - deyə S.Mikayılova əlavə edib.

Deputat onu da qeyd edib ki, nisbətən yeni əməkdaşlıq istiqamətləri arasında təhsil məsələsini də vurğulamaq olar.

"Türkiyə-Azərbaycan Universitetinin yaradılması təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, həm də iki ölkənin birliyinin təhsil müstəvisində də təzahürüdür. Azərbaycan və Türkiyənin gənc nəsillərinin ortaq dəyərlər əsasında təhsil alması, tərbiyyələnməsi hazırki dünyanın ideoloji təzyiqləri fonunda olduqca zəruri addımdır", - deyə S.Mikayılova əlavə edib.

Mövzuya görə xəbərlər