Son dəqiqə

TÜRKPA Özbəkistanda prezident seçkiləri

Səsvermə prosesi demokratiyanın bütün qanunlarına uyğun gedir - TÜRKPA nümayəndəsi

Xankəndi. TurkicWorld:

Azərbaycanda Prezident seçkilərində səsvermə prosesi demokratiyanın bütün qanunlarına uyğun gedir.

Bunu TurkicWorld-ə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndəsi, Qazaxıstan parlamentinin deputatı Abzal Kuspan deyib.

"Bu gün biz xüsusi olaraq Şuşa şəhərinə gəldik, indi Xankəndidəyik. Dünən Bakı şəhərində olmuşuq. Bizim tərəfimizdən heç bir qanun pozuntusu müşahidə olunmayıb. Ona görə də artıq hesab etmək olar ki, Azərbaycanda, o cümlədən, Xankəndi şəhərində, Şuşa şəhərində seçkilər keçirilib", – o qeyd edib.

"Biz gördük ki, bütün bu 30 il müddətində separatçılar burada heç nə tikməyiblər. Onlar hər şeyi dağıdıblar. Düşmən özünü necə aparır? Ondan əvvəl tikilmiş hər şeyi məhv edir. Amma kifayət qədər qısa müddət ərzində Azərbaycan xalqı və hökuməti burada nə qədər yeni binalar inşa ediblər. Biz öz gözlərimizlə görmüşük ki, Şuşa şəhərində binalar, o cümlədən, kilsələr artıq necə bərpa olunur. Azərbaycan xalqı heç kəsi milliyyətinə, dini inancına görə bölmür", - deyə o yekunlaşdırıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Mövzuya görə xəbərlər