Bakı. TurkicWorld:
Təəssüf ki, Avropanın bəzi dairələrində son zamanlar Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin dinamikası narahatlıq doğurur. Biz bir sıra dövlətlərin parlamentləri, eləcə də xarici siyasət idarələri tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların səsləndirilməsini görürük.
TurkicWorld xəbər verir ki, bunu deputat Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
S.Mikayılova bildirib ki, Niderland parlamentinin Xarici İşlər Komitəsinin iclasında Azərbaycan–Ermənistan arasında münasibətlərin müzakirəsi zamanı Azərbaycana qarşı yenə də əsassız ittihamlar səsləndirilib.
“Ermənistanın təəssübkeşliyi fonunda Azərbaycan tərəfi qınanılıb. Niderlandlı həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik ki, bu cür gedişlər ikitərəfli münasibətləri ciddi şəkildə zədələyir, gələcək əməkdaşlığımızı sual altına qoyur.
Məhz bu cür məsuliyyətsiz bəyanatlara görə, Niderland xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib”, - deyə S.Mikayılova əlavə edib.
S.Mikayılova əlavə edib ki, əgər niderlandlı parlamentarilər həqiqətən Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasını istəyirlərsə, o zaman qərəzli bəyanatlar verməyi dayanadırmalı, ən azı hazırda pozitiv məcrada gedən prosesə zərbə vurmamalıdırlar.
“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisinə iddia etmir, yeni müharibə başlatmaq kimi niyyəti də yoxdur. Elə isə Cənubi Qafqazda yeni müharibənin olacağı ilə bağlı iddialar hardan qaynaqlanır, Avropalı həmkarlarımızda bu narahatlığı kim oyadıb? Həm Azərbaycan, həm də Ermənistan sülh prosesinə alternativ görmür. Son zamanlar Ermənistan tərəfindən də müəyyən pozitiv siqnallar var. Görünür ki, hadisələrin bu cür inkişafı bu dairələri narazı salıb və onlar iftiralarla Azərbaycana hücüma keçmək xəttini tutublar. Müharibə layihəsini Cənubi Qafqaza proyeksiya etmək istəyi ilk növbədə təhlükəlidir və bu istəyin fəsadları kifayət qədər ağır olacaq. Azərbaycan və Aİ arasında münasibətlərə xələl gətirmək üçün çalışan bu qüvvələr hətta uzağa gedib Azərbaycana sanksiyalar tətbiq olunmasına çağırış edirlər. Bir daha bildiririk ki, münasibətlərimiz bərabərhüquqludur və hər hansı tərəfin digərinə diqtəsi qəbuledilməzdir. Azərbaycan beynəlxalq öhdəliklərinə sadiqdir, əldə olunmuş razılaşmalardan çıxmaq tərəflər üçün məsuliyyət yaradır”, - deyə S.Mikayılova əlavə edib.