Bakı. TurkicWorld:
XXI əsr Azərbaycan dövlətinin hadisələrlə zəngin, nəticələrlə qürurlu, tərəqqi və intibah dövrüdür. Müasir tariximizin son 20 ili milli dövlətçiliyimizin daha da möhkəmlənməsi, torpaqlarımızın bütövləşməsi və Böyük Qayıdış kimi yadda qaldı.
Son 20 ildə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə tarixində misli görülməmiş miqyasda böyük inkişaf yolu keçib. 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımız azad olundu. Cənubi Qafqazda bütün problemlərin kökündə dayanan erməni separatçılığı Prezident İlham Əliyevin yürütdüyü siyasətlə birdəfəlik məhv edildi.
Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş tarixi hadisələr yeni epoxanın əsasını qoyub. Bütöv Azərbaycan, qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi, viran qoyulmuş torpaqların yenidən qurulması, dövlət sərhədinin bərpa olunması ilə xalqımız yeni dövrə qədəm qoyur.
Ötən 20 il ərzində bütün inkişaf istiqamətlərində uğurlu yol keçmiş ölkəmiz bu başlanğıc nöqtəsində kifayət qədər inamlıdır. Belə ki, Prezident İlham Əliyevin uzaqgörən dövlətçilik strategiyası ilə ölkəmiz cəmi 20 il ərzində iqtisadi, siyasi, sosial, hərbi, mədəni, humanitar və digər sahələrdə misilsiz nailiyyətlər qazanaraq, güclü dövlətə çevrilib.
Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücüdür. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin gəlirləri isə 30 dəfəyə yaxın artıb. İyirmi il əvvəl adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.
Ötən dövrə nəzər saldıqda, Prezident İlham Əliyevin nadir iqtisadi idarəetmə istedadı sayəsində bir sıra nəhəng layihələrin uğurla həyata keçirildiyini xüsusi qeyd etmək yerinə düşər.
2006-cı ildə dünyanın böyük tranzit arteriyalarından biri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi inkişafı üçün güclü maliyyə aktivlərini hərəkətə gətirdi və dövlətimizin başçısı həmin resursları həm yeni iqtisadiyyat quruculuğu, həm də gələcək nəsillərin rifahı üçün səfərbər etdi.
Enerji diplomatiyasında uğurların növbəti dalğası Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri oldu. Bu layihələrin də reallığa çevrilməsinə nail olan Prezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşaqları Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsində müstəsna rol oynadı. Beləliklə, 2003-2023-cü illər ərzində ölkə iqtisadiyyatının siması bütünlüklə dəyişdi.
Ölkədə yaradılmış ictimai-siyasi sabitlik, təhlükəsiz mühit, sağlam iqtisadi münasibətlər Azərbaycana həmin illər ərzində ümumilikdə 300 milyard ABŞ dollarından artıq investisiya qazandırdı. Eyni zamanda, Azərbaycan özü potensial investora çevrilib və digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 30 milyard dolları ötüb.
Vətəndaşların sosial rifahının yüksəldilməsi hər zaman Prezident İlham Əliyevin prioritet hesab etdiyi məsələlərdən olub. Ümumilikdə 2003-2023-cü illər ərzində dövlətin sosial təminat xərcləri 20 dəfədən çox artıb. 2003-cü ildə dövlət büdcəsində sosial xərclərin həcmi 678,2 milyon manat idisə, 2023-cü ildə bu rəqəm 12 milyard manata çatdırılıb.
Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilib. 2020-ci ildə isə həmin hesabat sənədində respublikamız 191 ölkə arasında 28-ci yerdə qərarlaşıb, dünyanın ən islahatçı 10 ölkəsindən biri olub.
Azərbaycan Dünya İqtisadi Forumunun İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan 74 ölkə arasında 3-cü, “Qlobal Rəqabətlilik İndeksi”ndə 141 ölkə arasında 58-ci, “Qlobal İmkanlar İndeksi 2020” hesabatında 144 ölkə arasında 52-ci yerdə qərarlaşıb. Ölkəmiz “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 178 ölkə arasında 37-ci olub.
Azərbaycanın siyasi arenalarda qazandığı qələbələr iqtisadi sahələrdə əldə etdiyimiz uğurlarla vəhdət təşkil edir. Prezident İlham Əliyevin hazırda apardığı fəal xarici siyasət və diplomatik səylər Azərbaycanın həm Qərb, həm də Şərqdə mövqeyini gücləndirməklə ölkəmizi yeni yaranmaqda olan dünya düzənində fəal aktora çevirib.
Azərbaycan beynəlxalq təşkilatlara, proqramlara uğurlu sədrlik etmək modelini formalaşdırıb. Qoşulmama Hərəkatının sədri, BMT TŞ-nin qeyri-daimi üzvü qismində Azərbaycan beynəlxalq məsələlərin həllinə ciddi töhfə verib. Xüsusilə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan təşkilatın nüfuzunun, təsir gücünün artırılmasında birbaşa rol oynayıb. Bakı və digər şəhərlərimiz beynəlxalq tədbirlərin dəyişilməz ünvanı kimi çıxış edir.
Dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti təzahürü COP29-un gələn il Azərbaycanda keçirilməsi qərarı oldu. COP29 ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq tədbirdir, 70-80 min xarici qonaq ölkəmizə səfər edəcək, tədbirin keçiriləcəyi 2 həftə ərzində Azərbaycan dünyanın diqqət mərkəzində olacaq.
Davamlı inkişaf Azərbaycan dövlətinin dəyişməz seçimidir. Yeni inkişaf hədəflərini müəyyənləşdirmiş ölkəmiz yeni tarixi dövrün astanasındadır.
2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsinin növbəti ifadəsi olacaq. Xalqımızın seçimi hər zaman müdrik olub!
Sevil Mikayılova
Milli Məclisin deputatı